Rüstəm Kazımov

Aktyor

Doğum tarixi:

01 yanvar 1879

Vəfat tarixi:

31 dekabr 1943


Rüstəm Kazımov Bakıda anadan olub.

Mollaxanada qısa müddət təhsil alıb.

Şirin səsi olduğuna görə məhərrəmlik təziyələrində göstərilən şəbih tamaşalarında iştirak edib. 1890-cı ilin əvvəllərində Bakıda Həbib bəy Mahmudbəyovun və Sultanməcid Qənizadənin təşkil etdikləri tamaşalarda epizodik rollar oynayıb. Sonralar "Müsəlman Artistləri Cəmiyyəti" truppasında, Cahangir Zeynalovun "Ev teatrı"nda aktyorluq edib. 1901–1919-cu illərdə Əbdürrəhim bəy Haqverdiyevin yaratdığı truppada, "Həmiyyət" teatr qrupunda, "Nicat", "Səfa" mədəni-maarif cəmiyyətlərinin teatr dəstələrində, "Türk Aktyorları İttifaqı"nda, "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti"ndə əsas aktyorlardan olub. Bugünkü Akademik Milli Dram Teatrı dövlət təsisatına keçəndə onun truppasına daxil olub, 1925-ci ilə qədər bu kollektivdə çalışıb. 1921-ci ilin noyabr ayında Bakı Azad Tənqid və Təbliğ Teatrı (sonralar Türk İşçi Teatrı adlanıb) yaradılanda onun aktyor heyətinə götürülüb. Dörd il hər iki teatrda işləyən aktyor 1925-ci ildən İşçi Teatrında aktyorluq edib. Bu teatr 1933-cü il yanvarın 4-də Gəncəyə köçəndə də doğma kollektivdən ayrılmayıb.

Əməkdar artist (1931) Rüstəm Kazımov 1943-cü ildə Gəncədə vəfat edib.


Filmoqrafiya