Hökümə Qurbanova
Doğum tarixi:
11 iyun 1913
Vəfat tarixi:
02 noyabr 1988
Hökümə Abbasəli qızı Qurbanova (Hökümə Ələkbərova-Qurbanova) Bakıda anadan olub.
Bakı Pedoqoji Texnikumunda (1931), Azərbaycan Dövlət Konservatoriyasının Fortepiano sinfində (1931-1932) təhsil alıb.
Bakı Türk İşçi Teatrında çalışıb. 1932-ci ildə İşçi Teatrı Gəncə şəhərinə köçürüləndə o da Gəncəyə gedib. 1939-cu ildə taleyini əbədi olaraq Dram Teatrına bağlayıb. Teatr tariximizdə onun kimi gözəl səs variasiyaları ilə oynaya bilən ikinci qadın sənətkar olmayıb. Səhnədə dəqiqələrlə mərmər abidə kimi “donub” qala bilirdi. Pauzaları baxış və hərəkətlərilə “doldururdu”.
Dublyajın pioneri kimi o, 1937-ci ildə dublyaj olunmuş “Çapayev” bədii filmində Anka rolunu Azərbaycan dilində səsləndirib.
Tacikistan istehsalı olan “Həbib-ilanları ram edən” (1972, rejissor Ənvər Turayev) filmində çəkilib.
İki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub. Əməkdar artist (1943), Xalq artisti (1960), SSRİ Xalq artisti (1965) Hökümə Qurbanova 1988-ci ildə vəfat edib, Fəxri xiyabanda dəfn olunub.
Aktrisa Hökümə Qurbanova aktrisa Vəfa Fətullayevanın anasıdır.
Aktrisa Hökümə Qurbanova aktyor Ələsgər Ələkbərovun, rəssam Nüsrət Fətullayevin həyat yoldaşı olub.