Əli Qurbanov
Doğum tarixi:
20 iyun 1898
Vəfat tarixi:
14 oktyabr 1962
Əli Mirzəli oğlu Qurbanov Tiflisdə anadan olub.
Aktyorluq fəaliyyətinə 1914-cü ildə Tiflisdə teatr həvəskarları truppasında başlayıb. Birinci dəfə Möhsün Sənaninin təkidi ilə “Gaveyi-Ahəngar” tamaşasında yalnız bircə kəlmə - “gedək” sözü ilə səhnəyə çıxıb. 1915-ci ildə isə Möhsün Sənaninin təşəbbüsü ilə hazırlanmış “Məşədi İbad” tamaşasında Rüstəm bəy rolunu rolunu ifa edərək maraqları öz üzərinə çəkib. Bu hadisədən sonra onu yalnız dram tamaşalarına deyil, hətta opera, operetta və müsamirələrə həm artist, həm də tarzən kimi dəvət etməyə başlayıblar. 1917-ci ildə Tbilisidə təşkil olunan “İttihad” teatr truppasına dəvət edilib. “İttihad” truppası ilə “Bəxtsiz cavan” (Qoca kəndli) və “Pəri cadu” (Niyaz) əsərlərində çıxış edib. 1918-ci ildən fəaliyyətini “İbrət” dram cəmiyyətində davam etdirib. 1921-ci ilədək truppa şəklində fəaliyyət göstərmiş Tiflis Teatrı həmin il Tiflis Dövlət Azərbaycan Dram Teatrına çevrilib, bəmin vaxtdan teatrın aktyoru olub.
1925-ci ildə Tbilisi Teatrının aktyorları ilə birlikdə Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət olunub. 50 ildən artıq fəaliyyət göstərdiyi böyük səhnədə 200-ə yaxın muxtəlif rollarda çıxış edib, bəzi rolları bir neçə yüz dəfə oynayıb. Məsələn, Vidadi rolunu 700, Əzizbəyov və Hacı Əhməd rollarını 350 dəfədən artıq ifa edib, Niyaz rolunun yeganə ifaçısı olduğu “Pəri Cadu”nun muxtəlif quruluşlarında bu rolu dəfələrlə oynayıb.
Əməkdar artist (1938), Xalq artisti (1940) Əli Qurbanov 1962-ci ildə vəfat edib.