Ələkbər Hüseynzadə
Doğum tarixi:
03 oktyabr 1887
Vəfat tarixi:
04 noyabr 1967
Ələkbər Hüseyn oğlu Hüseynzadə Bakıda anadan olub.
Səhnə fəaliyyətinə 1908-ci ildən başlayıb. Səhnə müəllimi Səməd bəy Hacıəliyevin təşəbbüsü ilə Nəcəf bəy Vəzirovun quruluşunda "Tamahkarlıq düşmən qazanır" (Vasaq Mədətov) tamaşasında Molla Cəbi rolunda səhnəyə çıxıb. 1909-cu ildən Hüseyn Ərəblinskinin rejissoru olduğu tamaşaların, 1915-1916-cı illərdə isə Azərbaycan artistlərinin Aşqabad qastrollarının fəal iştirakçısı olub. Bir müddət Aşqabad Teatrında (Aşqabad Dövlət Azərbaycan Musiqili Teatrı, 1916-1930, fasilələrlə), sonralar Azərbaycan Türk Fəhlə Teatrında, Opera və Balet Teatrında işləyib.
“Arşın mal alan” operettasında yaratdığı Soltan bəy obrazı yaradıcılığında xüsusi yer tutur. O, bu rolu teatrda 600 dəfə, kinoda isə iki dəfə ifa edib. Onun bu ifası hələ inqilabdan əvvəl Azərbaycan və rus mətbuatında, eləcə də Üzeyir Hacıbəyov tərəfindən yüksək qiymətləndirilib.
Əməkdar artist (1957), SSRİ Dövlət mükafatı laureatı (1946) Ələkbər Hüseynzadə 1967-ci ildə vəfat edib.