Əhməd Qəmərlinski
Doğum tarixi:
09 may 1880
Vəfat tarixi:
09 mart 1952
Əhməd Haşım oğlu Qəmərlinski (Əhməd Məlikov) Bakıda anadan olub.
Sultanməcid Qənizadənin məktəbində təhsil alıb.
Səhnəyə ilk dəfə 1907-ci ildə Balaxanıda həvəskar aktyorların hazırladığı “Adı var, özü yox” (Nəcəfbəy Vəzirov) tamaşasında çıxıb. Sonralar “Nicat” Cəmiyyətinin nəzdindəki teatr truppasının aktyoru olub. 1908-ci ildən etibarən kəndləri gəzərək ən ucqar guşələrdə çıxış edib. 1919-cu ildə Bakıdakı truppalar birləşib Dövlət Dram Teatrı kimi fəaliyyətə başlayanda kollektivin aktyor truppasına qəbul olunub (1919-1938). Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında da aktyorluq edib (1921-1924). Bir müddət Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb (1938-1939).
Dramaturq kimi də fəaliyyət göstərib, 12 əsəri tamaşaya qoyulub.
Rusiya istehsalı olan “On doqquzuncu il” (1938, rejissor İlya Trauberq) filmində Əhməd Əliyev rolunda çəkilib.
Qəmərlinski ləqəbini ona Hüseyn Ərəblinski verib: Qəmərli kəndindən qastroldan qayıdarkən dostuna Qəmərlinski təxəllüsünü təklif edib və Əhməd həyatının sonunadək bu familiyanı daşıyıb.
Əməkdar incəsənət xadimi (1940) Əhməd Qəmərlinski 1952-ci ildə vəfat edib.