Dublyaj studiyası
Təsis tarixi: 1993
İlk direktor: Arif Həbibi
“Azərbaycanfilm”in dublyaj şöbəsi 1993-cü ildən Dublyaj studiyası kimi fəaliyyət göstərib.
1930-cu illərdə Azərbaycanda dublyaj sahəsində ilk ciddi addımlar atılmağa başlanıb. Rus rejissor M.Donskoy Sovet kinosu üçün yeni bir eksperimenti həyata keçirib. O, “Görünməz adam” ingilis bədii filmini rus dilinə dublyaj edib. Bundan ruhlanan kinorejissor Şua Şeyxov kinostudiyanın rəhbərliyinə müraciət edərək “Çapayev” filmini Azərbaycan dilində səsləndirmək istədiyini bildirib. “Çapayev”i səsləndirmək ona və V.Konstantinova həvalə olunub. Mətni Yusif Vəzirov (Y.V.Çəmənzəminli, 1936) tərcümə edib. Səs operatorluğu M.Belousova tapşırılıb. Ağahüseyn Kərimov onun assistenti olub. Tezliklə Bakıya bir çox respublikalardan dublyaj üzrə təcrübə keçmək, bu işin texnologiyasının öyrənmək məqsədilə kino işçiləri gəlməyə başlayıb. Beləliklə keçmiş SSRİ-də Bakı kinematoqrafçıları tərəfindən dublyaj işinin əsası qoyulub. Ümumiyyətlə Sovet dövründə Kinostudiyada hər il 80-ə qədər xarici film Azərbaycan dilinə dublyaj olunub.
