Azərbaycan Dövlət Film Fondu


Təsis tarixi: 1993

Direktor: Cəmil Quliyev

Azərbaycan Dövlət Film Fondu (ADFF) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 dekabr 1993-cü il tarixli sərəncamına əsasən “Azərkinovideo” İstehsalat Birliyininin nəzdində yaradılıb. 2000-ci ildən Azərkinovideo İB-nin ləğvi ilə əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyinin tərkibinə daxil olub.

1994-cü ildən fəaliyyət göstərən fond 2008-ci ildə yeni binaya köçüb. Ümumi sahəsi təxminən 6,6 min kvadrat metr olan ADFF-də texniki avadanlıqlarla təchiz edilmiş inzibati otaqlar, laboratoriya, 108 yerlik tamaşa salonu, yardımçı otaqlar, kinoproyeksiya və akustik sistemlə təmin olunmuş otaq, müxtəlif növ kino materiallarını saxlayan bokslar yerləşir.

ADFF-də  64.372 saxlanma vahidi həcmində film materialları, 20 minə yaxın müxtəlif  fotosənədlər, 14 minə yaxın orijinal sənəd, eksponat və materiallar (filmlərin ədəbi və rejissor  ssenariləri, montaj vərəqələri, diplom və mükafatlar və s.) qorunub saxlanılır. Milli kinomuzun əsasını təşkil edən ilk xronikal kadrların (“Bibiheybətdə neft fontanı yanğını” və “Balaxanıda neft fontanı”, 1898-ci il) nüsxələri Fransanın kino arxivindən gətirilərək ADFF-də saxlanılır. Axtarışlar nəticəsində RF, Kanada, Gürcüstan və başqa ölkələrdən görkəmli sənətkarlarımızdan - bəstəkarlar  Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev və Müslüm Maqomayevin fotosənədlərinin neqativləri və pozitivləri Fonda gətirilib.

Fondda qorunan filmlərdən bəhs edən xüsusi “Kino­bülleten” buraxılır, kitablar çap olunur.

İl ərzində görkəmli kino xadimlərinin yaradıcılıq gecələri və yubileyləri keçirilir.

Qurum öz işini beş istiqamətdə tənzimləyir: 
- Filmlərin bərpası və qorunması;
- Kino sənətinin təbliği;
- Kinoarxiv materialları və artefaktlarının toplanılması və qorunması;
- Elmi-tədqiqat və araşdırma işlərinin aparılması;
- Kinoarxiv işi üzrə beynəlxalq əlaqələrin aparılması


Fond 1999-cu ildən Beynəlxalq Kino Arxivləri Federasiyasının (FİAF) üzvüdür.


Fondun nəzdində Kino muzeyi fəaliyyət göstərir.

   Azərbaycan Dövlət Film Fondu