12 mart 2025 Mənbə: AZƏRTAC

“XOCALI. SON TOY…” FİLMİNİN TƏQDİMATI KEÇİRİLİB

“XOCALI. SON TOY…” FİLMİNİN TƏQDİMATI KEÇİRİLİB

Martın 12-də Nizami Kino Mərkəzində “Xocalı. Son toy…” sənədli-bədii filminin təqdimatı keçirilib. Filmin layihə rəhbəri “Global Media Group” İdarə Heyətinin sədri Elnur Abdullayev, ssenari müəllifi Niyam Şirinov, rejissoru Yusif Ələkbərzadədir. “Global Media Group” və “Report” İnformasiya Agentliyinin reallaşdırdığı film, 32 il əvvəl Xocalıda yarımçıq qalmış bir toyun gerçək hekayəsindən bəhs edir.

“Report” İnformasiya Agentliyinin rəhbəri, filmin prodüseri Fuad Hüseynəliyev filmin ideyasının illər əvvəl çəkilmiş toy fotosuna əsaslandığını bildirərək deyib: “Ekran əsərinin əsas süjet xətti illər sonra Xocalıya geri dönən həmin ailənin və o toydakı qonaqların yarımçıq qalmış məclisi davam etdirmələri üzərində qurulub. Biz həmin bəyi və gəlini - Vasif Qafarov və Dürdanə Məmmədovanı araşdırıb tapdıq, onların yaşadıqları hadisələri dinlədik. O toy ənənəvi qaydada keçirilməmişdi, “Vağzalı” səslənməmişdi. Çünki ermənilərin növbəti hücumu yaxınlaşırdı. Biz qərara gəldik ki, Xocalı işğaldan azad edildikdən sonra toyun iştirakçılarını bir araya gətirək və bu mərasimi tamamlayaraq tarixdə bir iz buraxaq”.

Filmin real kadrları Xocalıda, bədii hissəsi isə Ağsuda lentə alınıb. 

İndi paylaş: