AKİ-NİN “MƏN QADINAM” TAMMETRAJLI FİLM SSENARİSİ MÜSABİQƏSİNİN QALİBLƏRİ MÜƏYYƏNLƏŞİB

Azərbaycan Kinematoqrafçılar İttifaqının “Mən qadınam” tammetrajlı bədii film ssenari müsabiqəsinin münsiflər heyəti öz işinə yekun vurub.
Qeyd edək ki, müsabiqənin keçirilməsinin əsas məqsədlərindən biri də müasir Azərbaycan qadının obrazını bütün dolğunluğu ilə tamaşaya çatdıran ssenarilərin çoxalması, qadın müəlliflərinin aktivliyinin artması, cəmiyyətimizdə gender münasibətlərində harmoniyaya çağırışı idi.
Müsabiqənin münsiflər heyətinin sədri Vidadi Həsənov və münsiflər heyətinin üzvləri Nadir Bədəlov, Vaqif Azəryar, Sevda Sultanova müsabiqəyə qatılmış 96 ssenaridən 71-ni finala buraxıblar. Vacib məqam odur ki, bu il əvvəlki illərlə müqayisədə müsabiqəyə müraciət edən qadın müəlliflərin sayı kişi müəlliflərlə eynidir. Müsabiqənin təşkilatçılarının məqsədlərindən biri də xanım müəlliflərin aktivliyinin artırılması idi.
“Mən qadınam” tammetrajlı ssenari müsabiqəsinin qaliblərini elan edirik:
1-ci yer – Rüstəm Babazadə, Əli-Səttar Quliyev “Gəlin”
2-ci yer – Çinarə Əlişli “Piyada vəzirə doğru”
3-cü yer – Səməd Ağayev “Qonşu evin işıqları”
Bununla yanaşı, münsiflərin qərarı ilə 3 ssenari də diplomlara layiq görülüb.
Hacı Səfərov “Nigarın evi” (Aktual sosial problemin uğurlu dramaturji struktur həllinə görə)
İntiqam Hacılı “İş axtaran qız” (Sosial problemlərlə üzləşən qadin personajin draminin ifadəsində cəsarətli bədii həllinə görə)
Ülviyyə Heydərova “Zülf” (Ailə səadəti ilə vətəndaşliq borcu arasinda əlaqənin uğurlu bədii həllinə görə)
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyi ssenari müsabiqəsini milli kinomuzun inkişafına təsir edə biləcək bir mexanizm sayır, bu məqsədlə hər il müxtəlif mövzulu və formatlı ssenari müsabiqələrinin keçirilməsini planlayır.
Xatırladaq ki, qaliblər diplom və pul mükafatı ilə təltif ediləcəklər. (I yer – 5000 AZN, II yer – 3500 AZN, III yer – 2500 AZN)