“QIFIL” – REALLIĞA SÖYKƏNƏN QARA KOMEDİYA

Hazırda çəkilişə hazırlıq mərhələsində olan “Qıfıl” filmi qara komediya janrındadır və qeyri-adi süjet xətti ilə diqqət çəkir. Filmin əsas ideyası fala inam və onun cəmiyyətə təsiri üzərində qurulub. Filmin rejissoru və ssenari müəllifi Tahir Tahiroviç bildirir ki, bu hekayə onun şəxsi həyatında baş vermiş bir hadisədən götürülüb. Təxminən, otuz il əvvəl rejissorun yaxın bir qohumu evlənmək istəyirmiş, lakin imkanları yox imiş. Ümidini fala bağlayan bu şəxs toyun vaxtını uzatmaqdan ötrü falçının verdiyi "ovsunlu" qıfılı sevdiyi qızın həyətinə atmaq istəyir. Ancaq plan gözlənildiyi kimi getmir, "göydən düşən" qıfıl, təsadüfən, qızın nənəsinin başına dəyir. Bu real və bir qədər absurd hadisə “Qıfıl” filminin əsas süjet xəttinə çevrilib.
"Qıfıl" layihəsi 2022-ci ildə Azərbaycan Respublikası Mədəniyyətin Nazirliyinin keçirdiyi pitçinqin qaliblərindən biridir və yaxın günlərdə Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə filmin çəkilişlərinə start veriləcək.
Xronometraj olaraq 62 dəqiqə nəzərdə tutulmuş bu qara komediyanın çəkilişlərinin Şamaxı və Oğuz rayonlarında aparılması planlaşdırılıb və 10 gün davam edəcək. Filmin aktyor heyətində Şamil Süleymanov, Selcan Xatun, Azad Şükürov və Zaur Manafovun iştirakı təsdiqlənib, digər rollar üzrə seçim prosesi isə hələ davam edir.
Filmin yaradıcı heyəti rejissor Tahir Tahiroviç, ikinci rejissor İlqar Quliyev, operator Rafiq Əliyev, bəstəkar Lalə Əhmədova və kreativ prodüser İradə Bağırzadədən ibarətdir.