POST-PRODAKŞN MƏRHƏLƏSİNDƏ OLAN FİLMLƏRƏ DƏSTƏK MƏQSƏDİLƏ NÖVBƏTİ MÜSABİQƏ ELAN EDİLİB

Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) post-prodakşn mərhələsində olan filmlərlə bağlı “2025-ci il üzrə filmlərə dəstək müsabiqəsi”nə start verib.
Müsabiqənin keçirilməsində əsas məqsəd film istehsalının stimullaşdırılması və səmərəliliyinin yüksəldilməsi, müstəqil prodüser mərkəzləri və müvafiq sahədə fəaliyyət göstərən digər şəxslər arasında rəqabət qabiliyyətinin artırılması və birgə film istehsalının dəstəklənməsidir.
Müsabiqə kinematoqrafın istənilən istiqamət, kateqoriya və janrlarını əhatə edən, kütləvi nümayiş üçün nəzərdə tutulan, post-prodakşn mərhələsində olan film layihələri arasında keçirilir.
Bir film üçün nəzərdə tutulan maksimal dəstək məbləği tammetrajlı bədii filmlər üzrə 30 min manat, tammetrajlı sənədli filmlər üzrə 20 min manat, qısametrajlı bədii və sənədli filmlər üzrə 15 min manat, qısametrajlı animasiya filmləri üzrə isə 13 min manat müəyyən olunub.
Layihə təklifləri fevralın 21-dək onlayn şəkildə göndərilməlidir.