YENİ KRİMİNAL DRAM SERİALI 2026-CI İLDƏ İCTİMAİ TELEVİZİYADA YAYIMLANACAQ
2026-cı ildə tamaşaçıları İctimai televiziyada yeni çoxseriyalı bədii film gözləyir: MİKRORAYON. Kriminal dram janrında hazırlanan 12 bölümlük serial SFN Prodakşn və İctimai televiziyanın birgə istehsalıdır. Hər bölümün müddəti 50 dəqiqədir.
Layihənin baş prodüseri Sevinc Əliyeva, quruluşçu rejissoru Qulu Əsgərov, ssenari müəllifi isə Gəray Həsəndir. Serialın vizual həllinə quruluşçu operator Vasif Vəlizadə, dekorasiya və ümumi sənət həllinə isə quruluşçu rəssam Vüqar Qurbanov cavabdehdir.
Bir yerdə böyüyən və kriminal aləmə qoşulan beş uşaqlıq yoldaşının taleyindən bəhs edən ekran işində bir çox tanınmış aktyorlar rol alır: Eltəkin Xan, Ulvi Həşim, Orxan İskəndərli, Elşən Əskərov, Qüdrət Fətulla, Məsmə Aslanqızı, Elşən Rüstəmov, Təranə Ocaqverdiyeva, Oktay Mehtiyev, Natəvan Qeybani, Zülfiyyə Qurbanova, Şövqi Hüseynov, Zemfira Əbdülsəmədova, Abbas Qəhrəman, Fidan Bayram və digər aktyorlar.
Çəkilişin iyirminci günündə serialın rejissoru Qulu Əsgərov kinoinfo.az saytının suallarını cavablandırdı.
– Siz daha çox dram janrında işlərinizlə tanınırsınız. Bu dəfə kriminal dram çəkmək sizə nə dərəcədə yaxın gəldi? Özünüzü bu janrda rahat hiss edirsinizmi?
– Janr olaraq fantastikadan başqa bütün janrları sevirəm. Kriminal janrı isə yaşadığım və böyüdüyüm ərazi kriminal hadisələrlə bol olduğundan, bu janrda nə ssenaridə, nə çəkilişlərdə, nə də aktyor oyununda çətinlik çəkirəm.
– Layihənin ideyasını ilk dəfə eşidəndə və ssenarini oxuyanda sizi nə cəlb etdi ki, rejissorluğu qəbul etdiniz?
– Serialın ideyasını mənə ilk dəfə prodüser Sevinc Əliyeva danışdı. Mənə ona görə maraqlı gəldi ki, burada beş fərqli taleyə sahib uşaq var, onların beş fərqli yolu var. Ən çox isə ona görə maraqlı oldu ki, bu, sadəcə tamaşaçını maraqda saxlamaq üçün yazılan serial deyil. Alt qatda çox mesajları olan bir serialdır. Bəlkə də yeniyetmələr və valideynlər üçün bir dərslik ola bilər. Ona görə də çəkirəm. İnşallah ki, dekabrın axırına qədər çəkilişləri yekunlaşdırmağı planlaşdırırıq.
– Çəkiliş prosesində qarşılaşdığınız əsas çətinliklər hansılardır? Hansı səhnələr sizi ən çox sınadı?
– Çəkiliş prosesində çətinlik hər zaman var, hər gün çətindir. Bu, boş yanaşdığımız bir iş deyil. Hər seriyamız bir bədii film kimidir, ən azı bütün komanda bu cür yanaşır. Ona görə hər gün çətindir, hər gün sınanırıq. Problem çıxır, həll edirik. Mən düşünürəm ki, çətinlik olmasa iş də yaxşı alınmaz. Çətinlik hər zaman olmalıdır. İnşallah ki, Allah da işimizin bəhrəsini verər.
– Gələcəkdə hansı janrlarda işləməyi düşünürsünüz? Bir rejissor olaraq hansı janrda özünüzü sınamaq maraqlıdır?
– Gələcəkdə komediya çəkmək istərdim. Tragikomediya da ola bilər. Daha çox tragikomediya sevirəm. Bu serialda bəzi yerlərdə istifadə etmişəm, yəni kriminal dram olsa da, içində komediya hadisələri də olur. Dediyim kimi, fantastikadan başqa bütün janrları sevirəm. Melodram da çəkmişəm. Əsasən dramdır, amma komediya da çəkmək istərdim.
– Bu serialın tamaşaçı üçün ən fərqli tərəfi nə olacaq? Tamaşaçılar nəyi görməyə hazır olsunlar?
– Bu serialın tamaşaçı üçün ən fərqli tərəfi nə olacaq bilmirəm, çünki fərqli-fərqli tamaşaçılarımız var. Bəzi tamaşaçılar var diqqətlə oturub baxır, ordan hansısa dərs çıxarır. Elə tamaşaçı var ki, vaxtını gözəl keçirmək üçün baxır. Eləsi də var ki, səhv axtarmağa baxır. Belələri də boldur. Bilmirəm, hərəsi özü üçün nəsə dərs çıxarar yəqin ki. Fərqli bir şey olacaq, təbii ki. İstər aktyor oyunu, istər görüntü – bunlar bizdə fərqli olacaq. Dediyim kimi, hər seriyamız bir bədii film kimidir. Diqqətlə baxılmalıdır, çünki nə isə gözdən qaçsa başa düşülməyə bilər. Hər şey bir-birinə o qədər bağlıdır ki, nə isə nəzərdən qaçsa, yenidən baxmaq lazım gələ bilər.
– Bu geniş aktyor heyətini idarə etmək sizə nə kimi çətinliklər və ya əlavə imkanlar yaradır? Rolların bölgüsü necə formalaşdı?
– Aktyor heyətini idarə etməkdə çətinlik çəkmirəm, çünki müəyyən təcrübəmiz var. Burada çətinlik çəkmək olmur, əksinə insan zövq alır. İşimiz budur. Ümumiyyətlə, mənim üçün mizansendən əvvəl aktyorla işləmək önəmlidir. Aktyor zəif olsa, inandırıcı oynamasa, nə edirsən et, yaxşı iş alınmayacaq. Ona görə bu baxımdan çətinlik çəkmirəm. Aktyorlarımızın hamısı hazırlıqlı gəlir və hamısı rol bölgüsündə özlərini görə bilir. Müəyyən aktyorları mən təsdiq etmişdim, sonradan ortaya çıxıb ki, onların talelərində həqiqətən belə şeylər olub. Bu, onların öz obrazlarını canlandırmalarına təsir edib.
Əsas çətinliyi baş qəhrəmanın anasını oynayan Bahar obrazında çəkdik. Amma belə bir məsələ var ki, bizdə beş əsas qəhrəman var – beş uşağın fərqli taleləri. Mənim üçün onların hamısı baş qəhrəmandır. Uşaqları seçməkdə çətinlik çəkdik, amma mənə elə gəlir ki, düzgün seçmişik. Artıq iyirminci gündür çəkiliş gedir və heç biri ilə çətinlik çəkmirəm. Əksinə, işlərinə baxıram və görürəm ki, meydançada nəsə dəyişsə belə, çox tez uyğunlaşırlar. Sanki peşəkar aktyorlarla işləyirik. Bu cür təəssürat yaradırlar.