“CİNEMA TALKS” ADLI PANEL MÜZAKİRƏSİ APARILIB

Martın 10-da Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə kino sənayesi nümayəndələrinin iştirakı ilə "Cinema Talks" (“Kino müzakirələri”) adlı panel müzakirəsi keçirilib. Əvvəlcə kino sənayesinin inkişafı sahəsində görülən işlərə dair videoçarx nümayiş olunub.
Panel müzakirəsindən əvvəl Azərbaycan Respublikasının Kino Agentliyinin əməkdaşı Səbinə Bağırova "Azərbaycan ərazisində xarici filmlərin istehsalı" mövzusunda təqdimatla çıxış edib. O bildirib ki, xarici filmlərin ölkədə çəkilməsi yerli kino mütəxəssisləri üçün yeni iş imkanları və beynəlxalq təcrübədən faydalanmasına şərait yaradır.
“Kino Sənayesinin İnkişafı Fondu” İctimai Birliyinin sədr müavini Azər Aydəmir çıxışında “KinoPark” layihəsi barədə danışıb və təqdim etdiyi layihə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yenidən bərpası ilə bağlıdır.
ARKA-nın əməkdaşı Turan Məmmədli “Milli dublyaj sənayesinin inkişafı” layihəsi barədə məlumat verib. Qeyd edib ki, dublyaj sənayesinin genişləndirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması üçün infrastrukturun təkmilləşdirilməsi, yeni texnologiyalardan istifadə və peşəkar kadrların hazırlanması əsas prioritetlərdəndir.
Daha sonra Mədəniyyət Nazirliyinin “Yaradıcı Azərbaycan” layihəsinin tədbirlər planı çərçivəsində təşkil olunan müzakirə zamanı Azərbaycan kino sənayesinin gələcək inkişaf perspektivləri, mövcud çağırışlar və beynəlxalq əməkdaşlıq imkanları barədə geniş diskussiya aparılıb.
Panel müzakirədə çıxış edən Mədəniyyət Nazirliyinin sektor müdiri Günay Rəhimova, “Azərbaycan Prodüserlər Gildiyası” İctimai Birliyinin sədri Müşfiq Hətəmov, “Kino Sənayesinin İnkişafı Fondu” İctimai Birliyinin sədr müavini Azər Aydəmir və Mədəniyyət Nazirliyinin Yaradıcı Sənayelər və Rəqəmsal İnkişaf şöbəsinin müdiri Rəşad Əzizov Azərbaycan kino sənayesindəki mövcud vəziyyət barədə danışıblar. Çıxışlarda film istehsalı, bu sahədə infrastrukturun inkişafı və beynəlxalq əməkdaşlıq məsələlərinə toxunulub. Panel iştirakçıları yerli kino sənayesinin inkişafı üçün strateji yanaşmalar, dövlət dəstəyi mexanizmləri və yaradıcı mühitin gücləndirilməsi istiqamətində görüləcək işlər barədə fikirlərini bölüşüblər.
Xüsusi olaraq vurğulanıb ki, kino sənayesində çalışan rejissorlar, prodüserlər, aktyorlar, ssenaristlər, investorlar və kinoya maraq göstərən digər şəxslər üçün “Cinema Talks” yeni əməkdaşlıqlar qurmaq və fikir mübadiləsi aparmaq baxımından mühüm platforma rolunu oynayır.