02 may 2025

“BUM-BUM” ADLI YENİ ANİMASİYA FİLMİ ÇƏKİLƏCƏK

“BUM-BUM” ADLI YENİ ANİMASİYA FİLMİ ÇƏKİLƏCƏK

Azərbaycan Animasiya Assosiasiyası tərəfindən “Bum-Bum” adlı qısametrajlı animasiya filmi çəkiləcək. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə ərsəyə gələcək film Agentliyin 2025-ci il üzrə böyük, orta və kiçik qrant müsabiqəsinin qalibi olan “Yeni animasiya məhsulunun hazırlanması və ustad dərsləri” layihəsi çərçivəsində reallaşacaq. “Bum-Bum” filminin istehsalı may ayında başlayır və 2025-cü ilin sonuna kimi təhvil verilməsi planlaşdırılır. Film yazıçı Vaqif Səmədoğlunun uşaqlar üçün yazdığı “Bum-Bum” poemasının motivləri əsasında çəkiləcək.
Layihə çərçivəsində “Bum-Bum” filmi ilə yanaşı, digər animasiya filmlərinin də Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində, Xankəndi və Laçın şəhərlərində, “ANİMAFİLM Xankəndidə” və “ANİMAFİLM Laçında” adları altında nümayişləri nəzərdə tutulub. Bu animasiya filmlərinin nümayişləri Assosiasiyanın təşkil elədiyi 8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı çərçivəsində keçiriləcək, həmçinin animasiya filminin istehsalı mövzusunda ustad dərsləri təşkil ediləcək.

İndi paylaş: