Zülfüqar Rüfətoğlu
Doğum tarixi:
22 iyun 1958
Vəfat tarixi:
09 noyabr 2024
Zülfüqar Rüfətoğlu (Zülfüqar Əhmədzadə Rüfət oğlu) Bakıda anadan olub.
Azərbaycan Dövlət Xarici Dillər İnstitutunda təhsil alıb (1975–1980).
1985-ci ildə "Azərbaycan qadını" jurnalında jurnalistika fəaliyyətinə başlayıb. "Sovet kəndi" qəzetində (1986), "Kommunist" qəzetində (1987) fəaliyyət göstərib. "Kommunist" qəzetinin əlavəsi olan və 1989-cu ildən çıxan "Səhər" qəzetinin yaradıcılarından olub. Müxtəlif illərdə "Xalq qəzeti" və "Azərbaycan" qəzetlərində çalışıb. 1990-cı ildə "Kommunist" qəzetinin ən gənc şöbə müdiri olub. "Elm və həyat" jurnalında dilçiliklə bağlı yazdığı məqalələr dərc olunub (1980–1994). 1993-cü ildə "Röyter" agentliyinin kurslarında təhsil alıb. 1994-cü ilin dekabr ayından isə BBC Azərbaycan xidmətində işləməyə başlayıb. 1996-cı ildə Qarabağ müharibəsi başlandığı tarixdən sonra Ermənistana, Şuşa və Xankəndinə səfər edən ilk azərbaycanlı jurnalistdir. Bu səfərindən sonra 10 hissədən ibarət "Atəşkəs kölgəsində" radiooçerklər silsiləsi yaranıb. 2000–2001-ci illərdə BBC Azərbaycan xidmətinin prodüseri kimi fəaliyyət göstərib. Daha sonra BBC Azərbaycanın əsas müxbirlərindən biri olub. Fəaliyyət göstərdiyi müddətdən burada "Çətin sual", "Sənin səsin" adlı həftəlik proqramları yaradıb. 2014-cü ildə ağır xəstələnərək komaya düşüb. Bundan sonra müstəqil jurnalist kimi fəaliyyət göstərib.
"Mavigözlü ögey ana" kitabı nəşr olunub (2019). Bir çox mahnı sözləri bəstələyib.
Qızıl qələm mükafatı laureatı (1991) Zülfüqar Rüfətoğlu 2024-cü ildə Londonda müalicə aldığı xəstəxanada vəfat edib, orada "Firdaus garden" məzarlığında dəfn olunub.
Jurnalist Zülfüqar Rüfətoğlu şair, yazıçı Rüfət Əhmədzadənin oğludur.