Zeynal Cabbarzadə
Doğum tarixi:
31 dekabr 1920
Vəfat tarixi:
20 yanvar 1977
Zeynal Əliabbas oğlu Cabbarzadə Bakının Bilgəh kəndində anadan olub.
Fəhlə fakültəsində (1934-1937), Azərbaycan Pedaqoji İnstitutunun Ədəbiyyat fakültəsində (1937-1941) təhsil alıb.
"Balıq cəbhəsi" qəzeti redaksiyasında (1938-1939), "Krasnı kurinets" ("Qırmızı kürçaylı") qəzeti redaksiyasında (1939-1940) çalışıb. Qısa müddət Şamaxı rayonunun Mədrəsə kənd orta məktəbində dil və ədəbiyyat müəllimi olub (1940). İkinci Dünya müharibəsi başlananda səfərbərliyə alınıb, piyada məktəbində kursant olub (1941-1942), Kiçik leytenant rütbəsi ilə 416-cı atıcı piyada diviziyasında hərbi xidmətini davam etdirib. Naursk rayonunda hərbi əməliyyatda ağır zədələndiyindən eşitmə və görmə qabiliyyətini itirib. 1943-cü ildə hərbi xəstəxanadan Baş leytenant rütbəsində tərxis olunub. Azərbaycan Yazıçılar İttifaqında "Natəvan" adına klubun müdiri (1943-1948), "Ədəbiyyat qəzeti"ndə ədəbi işçi, "Pioner" jurnalının məsul katibi, məsul redaktoru olub (1950-1977).
Yaradıcılığa kiçik yaşlarından başlayıb. "Puşkin" adlı ilk mətbu şeiri 1937-ci ildə dərc edilib. İkinci Dünya müharibəsi illərində və sonra coşqun yaradıcılıq fəaliyyəti göstərib. İlk kitabı "Xanıman"da cəbhə şeirləri toplanıb (1946). Uşaqlar üçün şeir, poema, mənzum hekayə və nağıllar yazıb. Şeirlərinə musiqi bəstələnib.
Əməkdar mədəniyyət işçisi (1972) Zeynal Cabbarzadə 1977-ci ildə vəfat edib.