Vaqif Əlixanlı

Ssenari müəllifi Redaktor Dialoq redaktoru

Doğum tarixi:

13 oktyabr 1943

Vəfat tarixi:

15 oktyabr 2024


Vaqif Ənvər oğlu Əlixanlı (Vaqif Əlixanov) Qubanın Yerfi kəndində anadan olub.

Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Kitabxanaçılıq şöbəsində təhsil alıb (1961-1967).

Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin incəsənət şöbəsində redaktor (1968-1971), böyük redaktor (1971-1976), “Azərbaycanfilm” kinostudiyasında baş redaktor əvəzi (1976-1979), ssenari redaksiya heyətinin üzvü (1979), Mədəniyyət Nazirliyi teatr və incəsənət şöbəsinin baş redaktoru (1979-1981), Teatr və konsert müəssisələri idarəsinin rəisi (1981) vəzifələrində çalışıb. 1991-ci ildə yenidən televiziyaya qayıdıb, “Xəbərlər”, daha sonra isə “Ədəbi-Dram” studiyasının direktoru vəzifəsini yerinə yetirib. 1993-cü ildə Radioda Xalq yaradıcılığı baş redaksiyasını yaradıb və orda baş redaktor kimi yaradıcılığına davam edib. Sonrakı illərdə “Space”, ABBA, Lider, qısa müddət ANS TV-də də baş redaktor vəzifəsində çalışıb. 2008-ci ildən Space TV-nin Dublyaj redaksiyasının baş redaktoru olub. “Qobustan” jurnalının baş redaktoru (2013-2021), Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri (2015-2022) vəzifəsini yerinə yetirib.

Ədəbi fəaliyyətə “Bulaq” və “Dünyanı bəzəyənlər” radio verilişlərinə yazdığı etnoqrafik hekayələr və “XX əsr İncəsənət” və “Palitra” televiziya verilişinə yazdığı “Rənglər” silsilə hekayələri ilə başlayıb. Tərcümələri mövcuddur. “Əkmə qəm ağacı” (2013), “Söz və qələm” (2023) kitabları çap olunub.

“Qızıl qələm” mükafatı laureatı (1972), Əməkdar mədəniyyət işçisi (2019) Vaqif Əlixanlı 2024-cü ildə vəfat edib, Qurd qapısı qəbiristanlığında dəfn olunub.