Suğra Bağırzadə
Doğum tarixi:
10 fevral 1947
Suğra Sadıq qızı Bağırzadə (Suğra Sadıqova) Bakıda anadan olub.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Yüksək molekullu mühəndis-texnoloq ixtisasında təhsil alıb.
Uşaqlıqdan həyatını incəsənətə bağlayıb. Moskvada Azərbaycan mədəniyyəti ongünlüyündə “Cücələrim” uşaq mahnı və rəqs ansamblının nəzdində solist kimi Azərbaycanı təmsil edib (1959). Maestro Niyazinin dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə “Cücələrim” ifası Artek pioner düşərgəsində buraxılan “Dünyanın ən yaxşı uşaq səsləri” musiqi valına daxil edilib.
12 yaşında istedadlı “Azərbaycanfilm” kinostudiyasına dublyaj aktrisası kimi dəvət olunub.
8-ci sinifdə oxuyarkən “Yollar və küçələrlə” qısametrajlı filmində baş rolda çəkilib. Daha sonra “Ulduz” filmində Yetər roluna dəvət olunub. VGİK məzunu rejissor Ermenio de Souzo Oliveyranın “Bu gün, sabah və ilaxır...” filmində Mariya rolunda çəkilib.
Universiteti bitirdikdən sonra bir müddət Elmi-tədqiqat İnstitutunda, daha sonra “Azərbaycanfilm” kinostudiyasında mühəndis işləyib. Dublyaj sahəsində də çalışıb.
1990-cı ildən etibarən floristikaya maraq göstərib. Hobbi kimi başlayan bu maraq onda peşəyə çevrilib. “Floristika” İncəsənətə Dəstək İctimai Birliyinin təsisçisidir.
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Fəxri Doktoru” adına (2015), Beynəlxalq Mükafatlar Komitəsinin “Qızıl Ulduz” və “Türk Dünyasında İlin Mədəniyyət Adamı” mükafatlarına (2016), Beynəlxalq Təltiflər İttifaqının Birləşmiş Millətlərin İctimai Mükafat üzrə Şurası tərəfindən “Fayda, şərəf və şöhrət” ordeninə (2016), “Tərəqqi” medalına (2018), UNCOPA tərəfindən “Leonardo Da Vinçi” medalına (2021) layiq görülüb.
Əməkdar artistdir (2008).