Şua Şeyxov

Rejissor Ssenari müəllifi İkinci rejissor Montaj rejissoru Aktyor

Doğum tarixi:

07 noyabr 1905

Vəfat tarixi:

25 yanvar 1970


Şua Nəsrulla oğlu Şeyxov Naxçıvanda anadan olub.

Bakı Teatr Məktəbində (1926), Moskva Dövlət Eksperimental Teatr Emalatxanasının Teatr rejissorluğu fakültəsində (1927-1931), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda (1935-1936) təhsil alıb.

On yeddi yaşından etibarən Azad Tənqid və Təbliğ Teatrında səhnə fəaliyyətinə başlayıb (1922). TRAM-da (Fəhlə və Gənclər Teatrı) və Dərbənd Azərbaycan Teatrında rejissorluq fəaliyyəti göstərib (1931-1935). Bakıya qayıtdıqdan sonra Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor, Qaryagin (Füzuli) Dövlət Dram Teatrında quruluşçu rejissor və bədii rəhbər işləyib.

1936-cı ildən etibarən “Azərbaycanfilm”də çalışıb. 1936-cı ildə “Çapayev” (1934) filmini Azərbaycan dilinə çevirməklə Azərbaycanda dublyaj sənətinin bünövrəsini qoyub, kinoda ikinci rejissor, rejissor və ssenari müəllifi kimi çalışıb.

Əməkdar artist Şua Şeyxov 1970-ci ildə vəfat edib.

Rejissor Şua Şeyxov səs operatoru Əziz Şeyxovun qardaşıdır.
Rejissor Şua Şeyxov müğənni Natəvan Şeyxovanın və aktyor Ramiz Şeyxovun atasıdır.