Sabit Rəhman
Doğum tarixi:
26 mart 1910
Vəfat tarixi:
23 sentyabr 1970
Sabit Rəhman (Sabit Mahmudov Kərim oğlu) Şəkidə anadan olub.
Nuxa nümunə zəhmət məktəbində (1921), Bakı Darülmüəlliminin Ədəbiyyat fakültəsində (1923-1926), Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Ədəbiyyat fakültəsində (1929-1932), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari kurslarında (1936-1937) təhsil alıb.
Nuxada ibtidai məktəbdə müəllim (1926-1929), “Gənc işçi” qəzetinin redaksiyasında işçi (1929-1933), “İnqilab və mədəniyyət” jurnalının məsul katibi (1932-1933), Nuxa MTS siyasi şöbəsinin “Mübariz” qəzetinin redaksiya əməkdaşı (1933-1934), Azərbaycan Dövlət Dram Teatrının ədəbi hissə müdiri (1934–1936), Azərbaycan Yazıçılar İttifaqında uşaq bölməsinin rəhbəri (1935), Bakı Kinostudiyasında ssenari şöbəsinin müdiri (1937-1938), Azərbaycan Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi (1938), Cəfər Cabbarlı adına Teatr Muzeyində elmi işçi (1939-1940), Azərbaycan SSR Nazirlər Sovetinin İncəsənət İşləri İdarəsində teatr şöbəsinin müdiri (1941-1942), Azərbaycan Nazirlər Sovetinin İncəsənət İşləri İdarəsində rəis müavini (1942-1944), Bakı Kinostudiyasının direktoru (1945-1946), Azərbaycan SSR kinematoqrafiya nazirinin müavini (1945-1946), Azərbaycan Yazıçılar İttifaqında dramaturgiya üzrə məsləhətçi və Teatr İnstitutunda müəllim (1947-1951) işləyib.
1926-cı ildə “Molla Nəsrəddin” jurnalında “Şeyx Samit” imzası ilə dərc etdirdiyi “Rabfak kitabxanasında həyat lövhələri” felyetonu ilə ədəbi yaradıcılığa başlayıb. 1927-ci ildə Nuxada çıxan “Qızıl qələm” məcmuəsində ilk şeiri çap olunub. 1932-ci ildə “Pozğun” adlı ilk hekayələr kitabı nəşr edilib. 1938-ci ildə “Toy” adlı ilk komediyasını yazıb. 1939-cu ildə “Toy” komediyası Azərbaycan Dövlət Dram Teatrında tamaşaya qoyulub.
Əməkdar incəsənət хadimi (1943) Sabit Rəhman 1970-ci ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.
Yazıçı, dramaturq Sabit Rəhman bəstəkar Emin Sabitoğlunun atasıdır.
