Rza Əfqanlı

Aktyor

Doğum tarixi:

15 may 1899

Vəfat tarixi:

09 noyabr 1973


Rza Rüstəm oğlu Əfqanlı (Rza Cəfərzadə) Cənubi Azərbaycanın Sərab şəhərində anadan olub.

İki yaşında atadan yetim qalıb. Ailəsini dolandırmaq məqsədilə 1912-ci ildə Bakıya gəlib. 1916-cı ildə Pyatiqorski şəhərinə gedib, dəmiryol vağzalında çalışıb - yük daşıyıb, pinəçilk edib. 1920-ci ildə Bakıya qayıdıb. Neft mədənlərində işə düzəlib. Eyni zamanda Sabunçu qəsəbəsindəki dram dərnəyinə üzv yazılıb. Mərkəzi Dövlət Səyyar Teatrında işə başlayıb. 1923-cü ildə Milli Dram Teatrın truppasında işə götürülüb (1923-1929). Eyni zamanda Bakı Teatr Texnikumunda təhsil alıb (1923-1926). 1929-cu ildə Tiflis Azərbaycan Dövlət Teatrında işləməyə gedib (1929-1933). Aşqabad Az Millətlər Teatrında baş rejissor olub (1933-1934). Sоnra Bakıya qayıdaraq Dövlət Dram Teatrında fəaliyyətini davam etdirib (1935-1963). 1963-cü ildə teatrdan haqsız olaraq uzaqlaşdırılıb. Uzun illər işsiz qalıb (arada bir neçə filmə çəkilib). Bir müddət Sumqayıt Dövlət Dram Teatrında aktyorluq edib (1970-1973).

Əməkdar artist (1938), Xalq artisti (1943), SSRİ Dövlət mükafatı laureatı (1948) Rza Əfqanlı 1973-cü ildə vəfat edib.

Aktyor Rza Əfqanlı rəssam Bədurə Əfqanlının həyat yoldaşıdır.
Aktyor Rza Əfqanlı aktrisa Ofeliya Aslanın atasıdır.