Rəhim Əliyev
Doğum tarixi:
06 noyabr 1950
Rəhim Nadir oğlu Əliyev Ramana qəsəbəsində anadan olub.
Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb (1968-1973).
Yaşar Qarayevin “Səhnəmiz və müasirlərimiz” adlı kitabına yazdığı ilk mətbu rəyi 1973-cü ildə “Azərbaycan gəncləri” qəzetində dərc edilib. Bundan sonra vaxtaşırı dövri mətbuatda ədəbi-tənqidi məqalələri çıxıb.
Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda laborant (1975-1976), “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi (1976-1978), tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri (1978-1985), Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutu Cənubi Azərbaycan şöbəsinin böyük elmi işçisi olub (1988-1991). Azərbaycan Respublikası Prezident Aparatında məsləhətçi, Teleradio şirkətində sədr müavini işləyib (1990-1991), Cəfər Cabbarlı fondunun sədri seçilib (1994-cü ildən).
“1970-ci illər lirikasının inkişaf meylləri” mövzusunda namizədlik (1983), “Cəfər Cabbarlının yaradıcılıq təkamülü: metod, üslub, janr” mövzusunda doktorluq (1996) dissertasiyası müdafiə edib.
Hazırda Nizami adına Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan şöbəsinin baş elmi işçisidir (1996-cı ildən).
Ədəbi tənqid, nəsr və publisistika ilə məşğul olur.
2001-ci ildən türkdilli hürufi mətnlərinin tədqiqi ilə məşğuldur.