Rəşid Behbudov
Doğum tarixi:
14 dekabr 1915
Vəfat tarixi:
09 iyun 1989
Rəşid Məcid oğlu Behbudov Tiflisdə anadan olub.
Uşaq yaşlarından məktəb xorunda oxuyub. 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olub.
Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışıb. Tbilisi estrada qruplarından birində solistlik edib. Ermənistan Dövlət Caz orkestrində solist olub. 30-cu illərdə Ermənistan Dövlət Opera və Balet Teatrında klassik operaların xor səhnələrində solo oxuyub. Azərbaycan Dövlət Filarmoniyasının (1946-1956), fasilələrlə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti (1953-1960), Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olub (1957-1959).
1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomima kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edib və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olub.
Əməkdar artist (1946), Xalq artisti (1951), SSRİ Xalq artisti (1959), SSRİ (1946) və Azərbaycan (1978) Dövlət Mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı (1980), Dağıstanın Xalq artisti, Gürcüstanın Əməkdar incəsənət xadimi (1977) Rəşid Behbudov 1989-cu ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.