Ramiz Quliyev
Doğum tarixi:
30 aprel 1947
Vəfat tarixi:
15 oktyabr 2025
Ramiz Əyyub oğlu Quliyev Ağdamda anadan olub.
Ağdam şəhər 7 illik musiqi məktəbində (1954), Ağdam orta ixtisas musiqi məktəbində (1963-1964), Azərbaycan Dövlət Konservatoriyasında (1964-1969) tar və dirijorluq ixtisasları üzrə təhsil alıb.
Ağdam musiqi məktəbi illərində “Şur” xalq çalğı alətləri ansamblının tərkibində müsabiqə və festivallarda, Moskvada keçirilən “Xalq təsərrüfatı nailiyyətləri sərgisində” (1961) iştirak edib. Rayon pionerlər evində tar ixtisası üzrə dərnək rəhbəri və Ağdam Dövlət Dram Teatrında musiqi hissə müdiri olub. Ağdam 1 saylı (1963-1964), Bakı 1 və 20 saylı musiqi məkləblərində (1965-1974), Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri kafedrasında (1974-1992) tar ixtisası üzrə müəllim, baş müəllim, dosent, professor, kafedra rəhbəri (1992-2002) kimi pedaqoji fəaliyyət göstərib. Azərbaycan Dövlət Filarmoniyasının və Dövlət Konsert Birliyinin solisti olub (1964-1994).
1974-cü ildə musiqiçilərin Zaqafqaziya festivalında birinci mükafata, Moskvada keçirilən estrada artistlərinin V Ümumittifaq müsabiqəsində laureat adına, “Humay” Milli mükafatına (1993), Azərbaycan Dövlət Mükafatına (2014) layiq görülüb. “Şöhrət” (2007) və “Şərəf” (2017) ordenləri laureatıdır.
Əməkdar artist (1982), Xalq artisti (1988) Ramiz Quliyev 2025-ci ildə vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub.