Ramiz Mustafayev
Doğum tarixi:
16 oktyabr 1926
Vəfat tarixi:
10 aprel 2008
Ramiz Hacı oğlu Mustafayev Türkmənistanın Çərçou şəhərində anadan olub. Bir il sonra ailəsi ilə Bakıya köçüb.
Azərbaycan Dövlət Teatr Məktəbinin Aktyorluq şöbəsində (1941-1943), Azərbaycan Dövlət Konservatoriyasının Vokal şöbəsində (1948-1953, Bülbülün sinfi) və Bəstəkarlıq şöbəsində (1953-1957, B.Zeydmanın sinfi) təhsil alıb.
Əmək fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında aktyor kimi başlayıb (1942). Azərbaycan Dövlət Dram Teatrının aktyoru olub (1943-1948). 1948-ci ildən ömrünün sonunadək Azərbaycan radiosunun, daha sonra televiziya və radionun xor kollektivində xormeyster, baş redaktor və bədii rəhbər vəzifələrində çalışıb. Azərbaycan Bəstəkarlar İttifaqının katibi olub (1968–1973).
Bəstəkar kimi yaradıcılığında musiqinin müxtəlif janrları öz əksini tapıb. Baletdən başqa bütün janrlara müraciət edib. Bəstəkar 6 operanın (“Vaqif”, “Polad”, “Aydın”, “Şirin”, “Xan və əkinçi”, “Tərs keçi”), 6 musiqili komediyanın, 9 oratoriyanın, kantatanın, 8 simfoniyanın, 300-dən çox mahnı və romansın, müxtəlif səpkili instrumental əsərlərin müəllifidir.
Əməkdar incəsənət xadimi (1973), Xalq artisti (1987), “Şöhrət” ordeni laureatı (2001), dosent (1982), professor (2001) Ramiz Mustafayev 2008-ci ildə vəfat edib.