Qorxmaz Əlilicanzadə

Aktyor Filmi səsləndirən

Doğum tarixi:

15 oktyabr 1958


Qorxmaz Məmməd oğlu Əlilicanzadə (Qorxmaz Əlili) Bakının Maştağa kəndində anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnistitunun Dram və kino aktyoru fakultəsində təhsil alıb (1979).

Respublikada keçirilən estrada artistləri müsabiqəsinin (1983), beynəlxalq estrada artistlərinin müsabiqələrinin (1985, 1987) laureatı adını alıb. Miniatür Teatrını (1985) və Azərbaycan Estrada Teatrını (1990) təsis edib. Bu teatrın bədii rəhbəri və direktorudur. Onun təşkilatçılğı ilə uzun illər keçirilmiş "7-17" müsabiqəsində və özünün "Şou Əlili" adlı əyləncəli proqramında xeyli gənc müğənni aşkara çıxarılıb. 1991-ci ildə ilk dəfə olaraq “Oxşarlar” festivalını, 1992-ci ildə respublika meyxana müsabiqəsini keçirib. 1999-cu ildə isə onun rəhbərliyi altında II Respublika Meyxana Müsabiqəsi keçirilib. Şoumen, müğənni, tədqiqatçı kimi fəaliyyət göstərir.

Bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.

AMEA-da Memarlıq və İncəsənət İnstitutunda baş elmi işçi olaraq çalışıb. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur. AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Elmi Şurasının üzvü, Həmkarlar Komitəsinin sədridir.

2014-cü ildən yeni milli musiqi alətlərinin ixtiralarına başlayıb, 5 milli musiqi aləti ixtira edib: əlbuta, qorbuta, canbuta, canqor, əlqor.

Əməkdar artistdir (2019).

Aktyor Qorxmaz Əlilicanzadə aktyor, rejissor Məmməd Əlilinin oğludur.
Aktyor Qorxmaz Əlilicanzadə aktyor Məhəmməd Əlilinin atasıdır.