Nurəddin Babayev
Doğum tarixi:
23 mart 1921
Vəfat tarixi:
25 sentyabr 1991
Nurəddin Həsən oğlu Babayev Gəncədə anadan olub.
Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb (1944-1949).
Jurnalistlik fəaliyyətinə “Azərbaycan pioneri” qəzetində ədəbi işçi kimi başlayıb (1940-1941). 1941-1943-cü illərdə II Dünya müharibəsi dövründə ön cəbhədə döyüşlərdə iştirak edib, ağır yaralanaraq baş leytenant rütbəsi ilə Bakıya qayıdıb. “Kommunist” qəzeti redaksiyasında şöbə müdiri (1943-1945), “Azərbaycan müəllimi” qəzetində redaktor müavini, “Uşaqgəncnəşr”də baş redaktor (1953), “Azərbaycanfilm” kinostudiyasında baş redaktor işləyib. 1951-ci ildə Jurnalistika şöbəsində elmi-pedaqoji fəaliyyətə başlayıb. 1953-cü ildən Jurnalistika kafedrasında baş müəllim vəzifəsində çalışıb. “Azərbaycanda bədii oçerkin inkişafı” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi (1958), filologiya elmləri doktoru alimlik dərəcəsi alıb, Dosent olub (1962). 1969-cu ildə Jurnalistika fakültəsinin və Jurnalistlər İttifaqının təşkilində rolu olub. Azərbaycan Dövlət Universitetində Jurnalistika kafedrasının, daha sonra şöbəsinin müdiri, Jurnalistika fakültəsinin dekanı kimi vəzifələrdə çalışıb. Azərbaycan jurnalistikası tarixində ilk stabil dərs vəsaiti olan iki cildli “Jurnalistika məsələləri” kitabının elmi redaktoru və əsas müəlliflərindən biridir. “Jurnalistika məsələləri” kitabına görə “Qızıl qələm” mükafatına layiq görülüb (1966). Azərbaycan Yazıçilar İttifaqının oçerk və publisistika şurasının sədri, Jurnalistlər İttifaqının İdarə Heyətinin katibi olub. Elmi əsərlərin “Jurnalistika” seriyasının və “Jurnalist” tədris qəzetinin təşkilatçısıdır.
Azərbaycan ədəbiyyatında oçerk üslubunun nəzəri əsaslarını yaradıb. Azərbaycanda Ədəbiyyat və İncəsənət arxivinin təşkilində rol oynayıb.
Ədəbi fəaliyyətə 1939-cu ildə başlayıb. “Əbədi qəhrəmanlıq” adlı ilk kitabı 1945-ci ildə çap olunub. “Oğluma məktublar”, “Qızlar söz istəyir”, “Qızlar, sözüm sizədir”, “İşıq və məhəbbət”, “Ürəklər bir olanda” əsərlərindən bəziləridir. Əsərləri xarici dillərə tərcümə olunub.
Yazıçı, jurnalisti, professor (1981), publisist, Əməkdar incəsənət xadimi (1982) Nurəddin Babayev 1991-ci ildə vəfat edib, İkinci Fəxri Xiyabanda dəfn olunub.
