Nazim Rza İsrafiloğlu

Rejissor Ssenari müəllifi Aktyor Filmi səsləndirən

Doğum tarixi:

11 yanvar 1941

Vəfat tarixi:

16 yanvar 2021


Nazim Rza İsrafiloğlu (Nazim Rzayev İsrafil oğlu / Nazim İsrafiloğlu) Gəncədə anadan olub. 1945-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb.

1 saylı Musiqi məktəbinin fortepiano ixtisasında (1956), Azərbaycan Dövlət Teatr İnstitutunun Mədəni-maarif fakültəsində (1959-1964), Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun Televiziya rejissorluğu fakültəsində (1966-1971) təhsil alıb.

Bakının Suraxanı bölgəsindəki S.Orconikidze adına Mədəniyyət Sarayında bədii rəhbər vəzifəsində çalışıb (1964). 1966-cı ildə Azərbaycan televiziyasının dublyaj şöbəsində rejissor assistenti kimi fəaliyyətə başlayıb. Eyni zamanda musiqi, kinoproqram, sənaye redaksiyaları ilə də əməkdaşlıq edib. 1969-cu ildə təşkil olunan “Ekran” Yaradıcılıq Birliyində kinorejissor vəzifəsinə keçirilib. “İnsan Xəzəri xilas edir” adlı diplom filmi kinofestivallarda mükafata layiq görülüb. Bakı nefti və dünya neft tarixinin tədqiq edilib öyrənilməsi sahəsində elmi araşdırmalar aparıb. Azərbaycan mətbuatında müntəzəm olaraq publisistik yazılarla çıxış edib. 9 kitabı nəşr olunub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Televiziya rejissorluğu fakültəsində “Rejissorluq və aktyorluq sənəti” fənni üzrə kurs rəhbəri vəzifəsində çalışıb (1992-1997).

Nazim Rza İsrafiloğlu 2021-ci ildə vəfat edib.