Mikayıl Müşfiq
Doğum tarixi:
05 iyun 1908
Vəfat tarixi:
06 yanvar 1938
Mikayıl Müşfiq (Mikayıl İsmayılzadə Əbdülqədir oğlu) Bakıda anadan olub, əslən Xızıdandır.
İbtidai təhsilini rus-tatar məktəbində alıb. Bakı darül-müəllimində, 12 saylı II dərəcəli məktəbdə, Azərbaycan Dövlət Darülfünunun Dil və adəbiyyat fakültəsində (1927-1931) təhsil alıb.
Əmək fəaliyyətinə pedaqoq kimi başlayıb. Bakı orta məktəblərində yeddi il müəllimlik edib. 1930-cu illərdə “Azərnəşr”də redaktor vəzifəsində işləyib. Yaradıcılığa 1926-cı ildə “Gənc işçi” qəzetində çap etdirdiyi “Bu gün” şeirilə başlayıb. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edib. “Küləklər” adlı şeir kitabı işıq üzü görüb (1930). Bədii tərcümə ilə də ciddi məşğul olub.
Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da repressiya nəticəsində güllələnib. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən ölümündən sonra bəraət alıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mikayıl Müşfiq Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.