Kamal Abdullayev
Doğum tarixi:
04 dekabr 1950
Kamal Mehdi oğlu Abdullayev (Kamal Abdulla) Bakıda anadan olub.
Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb (1968-1973).
SSRİ Elmlər Akademiyası Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin aspirantı olub (1973-1976). Moskvada “Sintaktik paralelizm” (“Kitabi-Dədə Qorqud” dastanlarının dili üzrə) adlı namizədlik dissertasiyası (1977), Bakıda “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” adlı doktorluq dissertasiyası (1984) müdafiə edib. Romanları, pyesləri, hekayələri, esseləri, şeirləri, tərcümələri çap olunub. 200-dən çox məqalə, 20-dən çox elmi kitab, dərs vəsaiti və monoqrafiya müəllifidir. Müxtəlif ölkələrin universitetlərində “Ümumi dilçilik”, “Mətn sintaksisi”, “Kitabi-Dədə Qorqud” dastanlarının kulturoloji aspektləri”nə həsr olunmuş mühazirələr və xüsusi kurslar aparıb.
Azərbaycan EA-nın Dilçilik İnstitutunda Türk dillərinin müqayisəli tədqiqi şöbəsində kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri (1978–1983), televiziyada “Azərbaycan dili”, “Qoşma”, “Dəfinə”, “Sözün sirri” kimi verilişlərin müəllifi və aparıcısı (1983-cü ildən), Xarici Dillər İnstitutunun kafedra müdiri (1984 / 1993-2000), Azərbaycan Mədəniyyət Fondunun sədrinin birinci müavini (1988-1990), İdarə Heyətinin sədri (1990), Rus dili və ədəbiyyatı İnstitutunun kafedra müdiri (1990), Türkiyənin Uludağ Universitetinin Türk dili və ədəbiyyatı bölümünün professoru (1994-1995), Bakı Slavyan Universitetinin ilk rektoru (2000-2014), Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri (2014-2017) olub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, Azərbaycan Yaradıcılıq Fondunun sədri, Azərbaycan Dillər Universitetinin rektorudur.
Əməkdar elm xadimi, Birinci dərəcəli dövlət müşaviri, filologiya elmləri doktoru, professor, akademikdir.
“Humay” mükafatı (2007), “Şöhrət” ordeni (2015) ilə təltif olunub.
Xalq yazıçısıdır (2019).