Cəlil Cavanşir
Doğum tarixi:
02 yanvar 1984
Cəlil Cavanşir (Cəlil Hacıyev Cavanşir oğlu) Oğuz rayonunun Xaçmaz kəndində anadan olub.
Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin Alman dili ixtisasında təhsil alıb (2004-2008).
Tələbəlik illərindən jurnalistika fəaliyyətinə başlayıb. Müxtəlif mətbu orqanlarla əməkdaşlıq edib: “Töhfə”, “Türküstan”, “Vətəndaş həmrəyliyi”, “Ədalət”, “Gündəlik teleqraf” qəzetləri, “Alatoran”, “Molla Nəsrəddin dünyası”, “Yurddan səslər”, “Pirsultan”, “Doqquz iqlim”, “Ənvər Paşa” dərgiləri, Publika.az xəbər portalı. “Palma” ədəbi-bədii tərcümə jurnalının, “Region xəbər” qəzetinin təsisçisi, doqquziklim.net elektron ədəbiyyat dərgisinin təsisçisi və rəhbəri (2009-2010) olub. “Mərkəz” qəzetinin ədəbiyyat səhifəsini hazırlayıb (2011), “Publika Art” layihəsində redaktor (2012), Mucru.art saytında baş redaktor (2020), “Sputnik-Azərbaycan”ın köşə yazarı (2020-2022) olub.
Bir müddət folklor araşdırmaları ilə məşğul olub (2007-2011).
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mütəxəsisi vəzifəsində fəaliyyət göstərib (2015-2019).
Şeirləri müxtəlif dillərə tərcümə olunub. Türk və alman dillərindən bədii tərcümələr edib. 10-dan çox kitabı nəşr olunub. Bir çox tərcümələri ilə birlikdə, Robert MakKinin ssenari yazarlığı haqqında olan “Hekayə” kitabını azərbaycan dilinə tərcümə edib (2021).
“Hədəf” Nəşrlərinin baş redaktoru və tərcüməçisi olub. “TEAS press” Nəşriyyatı ilə tərcüməçi və redaktor kimi əməkdaşlıq edir (2017-ci ildən). “Qanun” Nəşrlər Evində “Azərbaycan ədəbiyyatı” şöbəsinin baş redaktoru, 2022-ci ildən “Dinlə Kitab” audio-kitab layihəsinin rəhbəridir. 2012-ci ildən tərcüməçi və redaktor kimi əməkdaşlıq edir. 2023-cü ildən “Literary Agency”nin təsisçisi və direktorudur.
II Nəsimi Ədəbiyyat Müsabiqəsində şeir nominasiyasında II yer tutub (2010).