İslam Rzayev
Doğum tarixi:
11 noyabr 1934
Vəfat tarixi:
26 yanvar 2008
İslam Tapdıq oğlu Rzayev Füzuli rayonunun Sərdarlı kəndində anadan olub.
Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda (1951-1956, Seyid Şuşinskinin sinfi), Azərbaycan Dövlət İncəsənət İnstitutunda (1976) təhsil alıb.
1958-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi əmək fəaliyyətinə başlayıb. Onun təşəbbüsü ilə 1989-cu ildə Bakıda ilk Dövlət Muğam Teatrı yaradılıb. Həyatının sonunadək Muğam Teatrının bədii rəhbəri vəzifəsində çalışıb.
Oxuduğu "Çahargah", "Bayatı-Kürd", "Mahu-Hindi", "Rast" muğam dəsgahları televiziyanın fonduna daxil edilib. Yaradıcılığında bəstəkar əsərlərinə də müraciət edib, Cahangir Cahangirovun "Nəsimi", "Aşıq Alı" və s. kantatalarında solo partiyanı ifa edib. Bir neçə mahnı bəstələyib, onlardan "Gəl inad etmə", "Dağlar başı", "Almadərən" mahnıları geniş yayılıb.
Pedaqoji işlə də məşğul olub. 120-ə yaxın gənc ifaçı yetişdirib.
Əməkdar artist (1967), Xalq artisti (1989), “Şöhrət” ordeni laureatı (2004) İslam Rzayev 2008-ci ildə vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub.