İlham Namiq Kamal
Doğum tarixi:
09 yanvar 1949
İlham Namiq Kamal (İlham Əhmədov Namiq Kamal oğlu) Bakıda anadan olub. Əslən Şamaxının Sarıtorpaq məhəlləsindəndir.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram-kino aktyoru fakültəsində təhsil alıb (1966-1970, Adil İsgəndərovun, Rza Təhmasibin kursu).
İlk dəfə səhnəyə Məmmədağa Dadaşovun dram dərnəyində “Anacan” (Yusif Əzimzadə) pyesindəki Rəcəb roluyla çıxıb (1962). Tələbə vaxtı Can Batist Molyerin “Corc Danden” komediyasında baş qəhrəman rolunu oynayıb. Tədris Teatrında (1968), Gənc Tamaşaçılar Teatrında (1971-1972), Akademik Dram Teatrında (1972-1989, 1998-2008), Dövlət Gənclər Teatrında (1989-1993), Musiqili Komediya Teatrında çalışıb.
1993-cü ildə “İlham” Miniatür Teatrını təsis edib. Direktor və bədii rəhbəri olduğu bu teatrda hazırlanan bütün tamaşaların rejissoru olub və əksəriyyətində baş rolları oynayıb.
Hazırda Akademik Musiqili Teatrın aktyorudur.
1995-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir, Musiqili teatr və kütləvi tədbirlər rejissoru kafedrasının müdiri, professordur (2009). “Mozalan” satirik kinojurnalının yüzə yaxın süjetində çəkilib. Əməkdar artist (1982), Xalq artisti (2002), “Şöhrət” ordeni (2013) “Sənətkar” ordeni (2014), “Qızıl Dərviş” mükafatı (2000) laureatıdır.
Aktyor İlham Namiq Kamal aktyor Cəfər Namiq Kamalın qardaşıdır.