İbrahim İsfahanlı

Aktyor

Vəfat tarixi:

13 oktyabr 1967


İbrahim Hüseyn oğlu İsfahanlı (İbrahim Hüseynzadə) Tiflisdə anadan olub.

Səkkiz yaşında anası İbrahimi çəkməçi yanına şəyird verib. O, əlinə pul düşən kimi məhəllə uşaqları ilə Zubalov adına Xalq evində, Artistlər klubunda, Gürcü Zadəgan evində azərbaycanlı teatr həvəskarlarının oynadıqları tamaşalara baxıb. Səhnəyə ilk dəfə 1909-cu ildə Mustafa Mərdanovun və Əbdürrəhim bəy Haqverdiyevin qayğıları sayəsində çıxıb. 1911-ci ildən Tiflis Azərbaycan Teatrında, 1917-ci ildən Tiflisdə “İttihad” və “İbrət” dram dəstələrində səhnəyə çıxıb. “İttihad”da həm də rejissor kimi tamaşalar hazırlayıb. Tiflis Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru işləyib (1926-1928).

1928-ci ildə Akademik Milli Dram Teatrına gəlib. Zaqatala (1947-1948) və Qazax (1948) Dövlət Teatrlarında baş rejissorluq edib. 1949-cu ildə bu teatrlar da bağlanandan sonra Tiflisə qayıdıb.

Tiflisdə, Başkeçiddə dram dərnəklərinə rəhbərlik edib.

Gürcüstan Dövlət Filarmoniyasının Azərbaycan estrada ansamblında çalışıb.

Gürcüstanın Xalq artisti (1932) İbrahim İsfahanlı Tiflisdə vəfat edib, Ortaçala qəbiristanlığında dəfn olunub.