Hacıbaba Hüseynov

Musiqi ifaçısı Musiqi ifasından istifadə olunub

Doğum tarixi:

15 mart 1919

Vəfat tarixi:

24 oktyabr 1993


Hacıbaba Hüseynəli oğlu Hüseynov Bakının Çəmbərəkənd məhəlləsində anadan olub.

Ruhani ailəsində böyüdüyü üçün erkən yaşlarında məscidlərdə, yas məclislərində nohə və mərsiyyə söyləyib. 1938-ci ildə xanəndə Zülfü Adıgözəlovun lent yazısını əldə edib, onun oxuduqlarını təkrar edib. 1945-ci ildə pedaqoq, tarzən Əhməd Bakıxanovla tanış olub. Onun ansamblına nağara ifaçısı kimi dəvət edilib, üç il burada çalışıb. Əhməd Bakıxanovdan muğamın incəliklərini öyrənib və ömrünün sonuna qədər onu özünün əsas ustadı hesab edib.

1963-cü ildə Azərbaycan Dövlət Musiqi Məktəbində muğamatdan dərs deməyə dəvət edilib. Ömrünün sonuna qədər, 30 il ərzində həmin məktəbdə dərs deyib.

Rast muğamının “Üşşaq” və “Hüseyni”, Novruz-rəvəndə, digər muğamlarda olan “Şah Xətai” şöbələrinin ilk ifaçısı olub. Təşəbbüsü ilə Bayatı-şiraz muğamının “Dilruba” şöbəsi dərsliyə əlavə olunub.

Əməkdar artist (1989), Xalq artisti (1990) Hacıbaba Hüseynov 1993-cü ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.