Gülhüseyn Hüseynoğlu

Əsərindən istifadə olunub Ssenari müəllifi

Doğum tarixi:

16 oktyabr 1923

Vəfat tarixi:

08 iyul 2013


Gülhüseyn Hüseynoğlu (Gülhüseyn Abdullayev Hüseyn oğlu) Masallının Mollaoba kəndində anadan olub.

Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb (1942-1947).

Aspiranturaya qəbul olunub, lakin həbs olunub, 25 il azadlıqdan məhrum edilib. 1942-ci ildə sovet rejimi ilə mübarizə aparmaq və Azərbaycanın müstəqilliyini əldə etmək üçün yaradılmış antisovet "İldırım" təşkilatının qurucularından biri olub. Təşkilatın məqsədi Azərbaycanın müstəqilliyini əldə etmək, xalq düşməni kimi damğalanan və Sibirə göndərilib güllələnən yazıçılara bəraət verilməsinə nail olmaq və Azərbaycan türkcəsini dövlət dili səviyyəsinə qaldırmaq idi. Ali Məhkəmənin qərarıyla güllələnmə cəzası verilib. O illərdə güllələnmə hökmü müvəqqəti götürüldüyündən hökm 25 il həbslə əvəzlənib, Sibirə sürgün edilib. 8 illik həbsdən sonra, 1955-ci ildə evinə qayıdıb, aspiranturaya bərpa edilib.

Əmək fəaliyyətinə hələ tələbə ikən, "Kommunist" qəzeti redaksiyasında ədəbi işçi olaraq başlayıb (1942). "Ədəbiyyat qəzeti" redaksiyasında (1945–1947), Gənc Tamaşaçılar Teatrının pedaqoji şöbəsində (1947–1948) işləyib. Mikayil Müşfiq adina 18 N-li məktəbdə dərs deyib. 1957-ci ildən etibarən taleyini Azərbaycan Dövlət Universiteti ilə bağlayıb, filologiya fakültəsinin müasir Azərbaycan ədəbiyyatı kafedrasında müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışıb. Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin üzvü, AYB-nin nəsr bölməsinin rəhbəri olub.

“Ana” adlı ilk hekayəsi 1944-cü ildə, “Bənövşə əfsanəsi” adlı ilk mənsur şeiri isə 1946-cı ildə çap olunub. Mikayıl Müşfuq barədə elmi monoqrafik əsərin, tədqiqat xarakterli xeyli məqalələrin, otuza yaxın kitabın müəllifidir. Oçerk, povest və elmi tədqiqat əsərləri yazsa da bədii yaradıcılığında mənsur şeir və hekayə başlıca yet tutur. Azərbaycan ədəbiyyatında mənsur şeirin yaradıcısı kimi tanınır.

Filologiya elmləri doktoru, professor (1988), Xalq yazıçısı (2005) Gülhüseyn Hüseynoğlu 2013-cü ildə vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub.