Fatma Mehrəliyeva
Doğum tarixi:
04 iyun 1926
Vəfat tarixi:
04 yanvar 2000
Fatma Yusif qızı Mehrəliyeva Qubada anadan olub.
Orta məktəb müəllimləri musiqi festivalında iştirak etmək üçün onu Bakıya göndəriblər. 11 yaşlı qız festivalda “Qubanın ağ alması” xalq mahnısını ifa edərək Üzeyir Hacıbəyovun diqqətini çəkib. Yaradıcılıq fəaliyyətinə Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki “Sazçı qızlar” ansamblında başlayıb (1940). Müharibə illərində onun həzin səsində Üzeyir bəyin vətənpərvərlik mövzusunda yazdığı musiqi nümunələri sevilməyə və ifaçısını tanıtmağa başlayır. Üzeyir Hacıbəyovun Səməd Vurğunun sözlərinə bəstələdiyi “Şəfqət bacısı” mahnısının ilk ifaçısı olaraq adı dillər əzbərinə çevrilib. Lirik soprano muğam, xalq mahnı və təsniflərinin, eləcə də bəstəkar mahnılarının məharətli ifaçısı kimi şöhrət tapıb. Filarmoniyanın səhnəsində uzun illər çıxış edib. Azərbaycan muğamlarının mahir bilicisi, “Kəsmə şikəstə”nin əvəzolunmaz ifaçısıdır.
Əməkdar artist (1956) Fatma Mehrəliyeva 2000-ci ildə vəfat edib.