Fərhad Bədəlbəyli
Doğum tarixi:
27 dekabr 1947
Fərhəd Şəmsi oğlu Bədəlbəyli Bakıda anadan olub.
Azərbaycan Dövlət Konservatoriyasında (1965-1969, M.Brennerin sinfi), Moskva Dövlət Konservatoriyasının aspiranturasında (1969-1971, B.Davidoviçin sinfi) təhsil alıb.
B.Smetana adına müsabiqədə III mükafata və Smetana əsərinin ən yaxşı ifaçısı mükafatına (1967, Çexoslavakiya) və Vianna da Motta adına Pianoçuların Beynəlxalq Müsabiqəsində (1968, Lissabon / Portuqaliya) laureat adına layiq görülüb. Azərbaycan Musiqi Cəmiyyətinin idarə heyəti sədrinin I müavini olub (1986-1989). Onun təşəbbüsü ilə Bakı İncəsənət Mərkəzi (1987-1996-cı illərdə buranın rəhbəri olub) və Azərbaycan Musiqi Xadimləri Cəmiyyəti (1989-cu ildən sədridir) yaradılıb. 1971-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs deyir (1976-cı ildən dosent, 1983-cü ildən professor). 1991-ci ildən Konservatoriya Bakı Musiqi Akademiyasına çevrilib.
Hazırda Bakı Musiqi Akademiyasının rektorudur.
Əməkdar artist (1972), Xalq artisti (1978), SSRİ Xalq artisti (1990), Azərbaycanın Dövlət mükafatı (1986), “Şöhrət” (1997), “İstiqlal” (2017) və “Şərəf” (2022) ordenləri laureatıdır.
Bəstəkar Fərhad Bədəlbəyli teatr rejissoru, aktyor Şəmsi Bədəlbəylinin oğludur.