Əyyub Qiyas

Ssenari müəllifi Redaktor Rejissor Aktyor

Doğum tarixi:

14 dekabr 1968


Əyyub Qiyas (Əyyub Abasov Qiyas oğlu) Lənkəranda anadan olub. Ailəsi Sumqayıt şəhərinə köçüb.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatr sənəti fakültəsində (1986-1990), Moskva Ümumittifaq Kinematoqrafıya İnstitutu nəzdində ali ssenari kursunda (1991-1993, Yuri Arabovun sinfi) təhsil alıb. Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunun qiyabi asipranturasında təhsilini davam etdirib.

Sumqayıtda Kimyaçıların Mədəniyyət Sarayında Xalq Teatrının rejissoru (1988-1990), "Cığırdaş" gənclik mərkəzi yaradıcı gənclərin teatr birliyinin direktoru (1990-1991), "168 saat" qəzetinin baş redaktorunun müavini (1991-1992), "Xəzər" jurnalının redaktoru (1992-1993), "Ziya" mətbuat yayımı agentliyinin direktoru (1993-1997), Sumqayıtdakı "İnter-Press" mətbuat ticarət şirkətinin təsisçisi və icraçı direktoru (1997-2012), "Sahilsiz dəniz" dərgisinin baş redaktoru (2004), "Ulduz" (2004-2014), "Ulu çinar" (2011-2012), "Qobustan" (2014) dərgilərinin redaksiya heyətinin və AYB gənclər şurasının (2004-2014) üzvü olub. Azərbaycan Tərcümə mərkəzində və "Xəzər" dərgisində redaktor (2016-2017), "Qanun" nəşriyyatında redaktor (2017) işləyib.

Bədii yaradıcılığa 1990-cı illərdən başlayıb. "Mən bir sapand daşıyam ki..." (şeirlər), "Qarışqa" (povest və hekayələr) kitabları nəşr olunub (1996). "Qara işıq" romanı "İlin romanı" ədəbi kulturoloji mükafata layiq görülüb (2004). Bədii tərcümələrini qəzet və jurnallarda çap etdirib. "Ədəbiyyat" qəzetində yayımlanan "Ədəbiyyat üzrə Nobel mükafatçıları" silsiləsindən olan tərcümələrinə görə Əli bəy Hüseynzadə mükafatına (2016), Belarus yazıçısı, Nobel mükafatı laureatı Svetlana Aleksiyeviçin "Müharibənin qadın olmayan üzü" romanının tərcüməsinə görə "Qızıl kəlmə" mükafatına layiq görülüb (2017).