Emil Ağayev
Doğum tarixi:
11 oktyabr 1938
Vəfat tarixi:
15 yanvar 2016
Emil Güləli oğlu Ağayev Qazaxıstanın Çimkənd şəhərində anadan olub.
Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb (1956-1961).
Dəvəçi rayonunun Pirəbədil kəndindəki və Abşeron rayonunun Gilgilçay qəsəbəsindəki məktəblərdə müəllimlik edib.
1957-ci ildən mətbuat sahəsində çalışıb. Azərbaycan Dövlət Universitetinin aztirajlı qəzetində ədəbi işçi, “Molodyoj Azerbaydjana”, “Vışka” qəzetlərində mədəniyyət, felyeton və oçerk şöbələrinin rəhbəri, məsul katibin müavini olub. “Literaturnaya qazeta”nın Azərbaycan üzrə xüsusi müxbiri (1971-1989) və APN (RİA “Novosti”) agentliyinin Azərbaycan şöbəsinin müdiri vəzifələrində işləyib. “Yurd”, “Qütb”, “Populyar” jurnallarında (1987-1997), Azərbaycan Ali Sovetinin redaksiya-nəşr şöbəsinin baş məsləhətçisi (1994-1995), “Kavkaziya” analitik və informasiya agentliyinin (Münhen, AFR) müstəqil məsləhətçisi, Azərbaycan Yazıçılar İttifaqı nəzdində oçerk və publisistika şurasının sədri olub.
Bədii yaradıcılığında oçerk, esse, publisistik məqalələrlə yanaşı, Azərbaycan ədəbiyyatından rus dilinə tərcüməyə xüsusi diqqət yetirib. Tərcümə etdiyi ilk hekayə tələbəlik dövründə universitetin “Lenin tərbiyəsi uğrunda” çoxtirajlı qəzetində, ilk məqaləsi isə “Azərbaycan gəncləri” qəzetində çap olunub.
“Qızıl qələm” mükafatı laureatı Emil Ağayev 2016-cı ildə vəfat edib.