Elnur Kərimov
Doğum tarixi:
11 sentyabr 1981
Elnur Umbay oğlu Kərimov Bakıda anadan olub.
Respublika İncəsənət Gimnaziyasında (1989-1999), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsində (1999-2003) təhsil alıb.
Uşaq yaşlarında Yuri Qaqarin adına Pionerlər Sarayında rəqs və xüsusi ilə nağara dərnəyində musiqi ilə məşğul olub. Yuri Qaqarin adına Pionerlər Sarayının 50 illik yubileyində Heydər Əliyev Sarayında nağarada solo “çırtma qaytağı” ilə çıxış edib (1986). 1988-ci ildən Dənizçilər Klubu Mədəniyyət Sarayının ansamblına ən gənc nağara ifaçısı kimi dəvət alıb. Krasnovodsk və Şevçenko şəhərlərində keçirilən “Azərbaycan Mədəniyyəti Günləri”ndə iştirak edib (1989).
Gimnaziyada təhsil aldığı müddətdə “Şəhriyar” yubiley tamaşasında Şəhriyar, “Məhəmməd Füzuli” yubileyində Füzuli, “Xor-Xor” tamaşasında Rüstəm bəy, “O olmasın, bu olsun” operettasında Qoçu Əsgər rollarını oynayıb. Gimnaziyada təhsil aldığı müddət ərzində Kunq Fu To`A idman növü ilə məşğul olub və paytaxt birincisi olub.
2001-ci ildən Gənc Tamaşaçılar Teatrının aktyorudur.
Rusiya film istehsalçılarının “Dronqo” (2002, rejissor Zinoviy Royzman) serialında çəkilib.
Müxtəlif televiziya kanallarında aparıcı kimi fəaliyyət göstərib: “Bərəkətli olsun” (Space TV), “Düşərgə” (İctimai TV), “Səhər görüşləri” (AzTV), “Kinoman” (AzTV).
2009-cu ildən Gənc Tamaşaçılar Teatrının Bədii Şurasına üzv seçilib.
2021-ci ildən Bakı Dövlət Sirkində aparıcı və təşkilatçı kimi çalışıb.
Beşinci Xarıbülbül Musiqi Festivalının aparıcısı olub (2022).
Əməkdar artistdir (2018).
