Elçin Şıxlı
Doğum tarixi:
04 oktyabr 1957
Elçın İsmayıl oğlu Şıxlı (Elçin Şıxlinski) Bakıda anadan olub.
Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsində İngilis və alman dilləri müəllimi ixtisası üzrə təhsil alıb (1974-1979).
Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsinin İnformasiya-reklam şöbəsinin müfəttişi (1979), “İnturist” ÜSC Bakı şöbəsində tərcüməçi (1981), Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin Xaricdə yaşayan həmvətənlərlə əlaqələr şöbəsinin referenti (1981-1986), Azərbaycan SSR Maarif Nazirliyi Kollegiyasının katibi (1986-1988), V.Lenin adına Sovet Uşaq Fondu Azərbaycan Respublika bölməsi İdarə Heyəti aparatında baş referent (1988-1989), “Azərbaycan Kommunisti” - “Kommunist Azerbaydjana” jurnalında ədəbi işçi (1989-1990), “Ayna”-“Zerkalo” qəzetləri redaksiyasında baş redaktor müavini (1990-1998), “Ayna Mətbuat Evi” şirkətinin prezidenti (1999-2001) vəzifələrində çalışıb.
2001-2014-cü illərdə “Ayna”-“Zerkalo” qəzetlərinin baş redaktoru olub. 2016-cı ildə ayna.az saytı və Ayna TV-ni təsis edib.
Azərbaycan Jurnalistlər Birliyinin sədridir (2006-cı ildən).
Jurnalist Elçin Şıxlı yazıçı İsmayıl Şıxlının oğludur.