Çingiz Ələkbərzadə

Ssenari müəllifi Aktyor

Doğum tarixi:

17 oktyabr 1936

Vəfat tarixi:

07 yanvar 1999


Çingiz Əbülhəsən oğlu Ələkbərzadə Bakıda anadan olub.

Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb (1955-1960).

Əmək fəaliyyətinə Əli Bayramlı (indiki Şirvan) rayonundakı 2 saylı orta məktəbdə müəllim kimi başlayıb (1960). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində son xəbərlər redaksiyasında işləyib (1961-1966). Sonra İsmayıllı rayonu İvanovka kənd məktəbində müəllim (1966-1968), Əli Bayramlı rayonunda "İşıq" qəzeti redaksiyasında məktublar şöbəsinin müdiri (1968-1971), İsmayıllı rayonunda "Zəhmətkeş" qəzeti redaksiyasında məktublar şöbəsinin müdiri (1971-1972), Azərbaycan SSR Televiziya və Radio Verilişləri Komitəsində "Günün səsi" xəbərlər baş redaksiyasında müxbir (1972-1973), "Azərbaycanfılm" kinostudiyasında ssenarist (1973-1975), "Kirpi" satirik jurnalında ədəbi işçi (1976-1979), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində "Günün ekranı" redaksiyasında ştatdankənar müxbir (1979-1984), Şirvan bölgəsi üzrə xüsusi müxbir (1984-1989) olub.

Durğunluq dövründə ictimai qüsurları kəskin tənqid etdiyinə görə həbs edilib (1986-1988).

Sonra bəraət alıb, bədii yaradıcılıqla məşğul olub. Tələbəlik dövründə "Kökəlməyin sirri" hekayəsi almanaxda dərc olunub. “Yarpaqlar töküləndə”, “Güllələr dənizdə sönür”, “Vulkan”, “Zindan”, “Qumarbaz” və sair kitabları nəşr olunub.

Çingiz Ələkbərzadə 1999-cu ildə vəfat edib.

Yazıçı Çingiz Ələkbərzadə yazıçı Əbülhəsən Ələkbərzadənin oğludur.
Yazıçı Çingiz Ələkbərzadə müğənni Sevda Ələkbərzadənin atasıdır.