Cavanşir Məmmədov
Doğum tarixi:
17 oktyabr 1915
Vəfat tarixi:
09 sentyabr 1997
Cavanşir Musa oğlu Məmmədov Lənkəranda anadan olub.
Aşqabad Kino Texnikumunda təhsil alıb (1937).
Aşqabad kinostudiyasında çalışıb, operator şagirdi (1932), operator köməkçisi, operator assistenti (1934), II dərəcəli operator (1935), II operator (1938), xronikal filmlər üzrə I dərəcəli operator dərəcələrinə yüksəlib. İkinci Dünya Müharibəsi illərində Mərkəzi Sənədli Filmlər Studiyasının operator qrupunda fəaliyyət göstərib. Bakı kinostudiyasında 12 sənədli film çəkib (1950-1960). 1960-cı ildən Mərkəzi Elmi-Kütləvi Filmlər Studiyasında (“Sentrnauçfilm”) “Kino Səyahəti” almanaxının yaradıcılarından olub. Kinojurnallar üçün mindən çox süjet çəkib.
“Xəzər neftçiləri haqqında dastan” filmindəki operator işinə görə Kann Kinofestivalının (1954), “S.M.Kirov adına körfəzdə” filmindəki operator işinə görə Venesiya Kinofestivalının (1959) mükafatlarına layiq görülüb.
Lenin Mükafatı (1960) laureatı, Türkmənistanın (1948) və Azərbaycanın Əməkdar incəsənət xadimi (1959), Xalq artisti (1982) Cavanşir Məmmədov 1997-ci ildə Moskvada vəfat edib.
