Budaq Budaqov

Məsləhətçi Ssenari müəllifi

Doğum tarixi:

23 fevral 1928

Vəfat tarixi:

01 noyabr 2012


Budaq Əbdüləli oğlu Budaqov Qərbi Azərbaycanda Zəngibasar bölgəsinin Çobankərə kəndində (indiki Masis rayonu) anadan olub.

İrəvan Azərbaycan Pedaqoji Məktəbində (1940-1941, 1945-1947), Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Coğrafiya fakültəsində (1947-1951), SSRİ EA Coğrafiya İnstitutunun aspiranturasında təhsil alıb.

Əmək fəaliyyətinə döğulduğu kənddə kolxoz briqadirinin köməkçisi kimi başlayıb.

“Cənub-Şərqi Qafqazın şimal yamacının geomorfologiyası” mövzusunda dissertasiya işini müdafiə edib (1955, Moskva). Azərbaycan Dövlət Universitetinin Fiziki coğrafiya kafedrasının müəllimi (1965-1968), Azərbaycan İctimai-Siyasi Kollecində Təbiət kafedrasının müdiri, Azərbaycan EA Coğrafiya İnstitutunda kiçik elmi işçi (1955-1958), baş elmi işçi, Landşaftşünaslıq şöbəsinin rəhbəri (1967-1986), fiziki coğrafiya və xəritəçilik şöbəsinin rəhbəri (1986), elmi işlər üzrə direktor müavini (1974-1983, 1986), direktor, dissertasiya müdafiəsi üzrə ixtisaslaşdırılmış şuranın sədri (1990), Azərbaycan Coğrafiya Cəmiyyətinin elmi katibi (1958-1962), prezident müavini (1970-1990), prezidenti kimi çalışıb. Respublika Ağsaqqallar Şurasının sədri (1997-2012), Lütfizadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü (1999), Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimika Komissiyasının üzvü (1999) və komissiyanın sədri (2000) olub.

Əməkdar elm xadimi (2008), SSRİ Dövlət Mükafatı, “Şöhrət” (2000) və “Şərəf” ordeni, Yusif Məmmədəliyev (1995), akademik Həsən Əliyev, şair Məmməd Araz, mesant Hacı Zeynalabdin Tağıyev adına mükafatların laureatı, coğrafiya elmləri doktoru (1968), professor (1969), akademik (1989) Budaq Budaqov 2012-ci ildə vəfat edib.