Barat Şəkinskaya

Aktrisa Filmi səsləndirən

Doğum tarixi:

28 iyun 1914

Vəfat tarixi:

14 yanvar 1999


Barat Həbib qızı Şəkinskaya Şuşada anadan olub.

Hələ uşaq ikən 1920-ci ildə Şuşada göstərilən “Şəbih” tamaşasında Səkinə rolunda iştirak edib. Atası Həbib xan 1920-ci ildə bolşeviklər Bakını zəbt edərkən qaçaq düşüb. 1920-ci ildə anası uşaqları ilə birlikdə Ağdamın Göytəpə kəndinə, 1923-cü ildə isə Gəncəyə köçüblər. Gəncədəki qız məktəbində dərsə başlayıb, 1927-ci ildə pedaqoji məktəbə qəbul olunub. Həm məktəbin, həm də şəhərin müxtəlif dram dərnəklərində həvəskar aktrisa kimi çıxış etməyə başlayıb. 1929-cu ildə Gəncə Həmkarlar İttifaqının “Fəhlə klubu”nda aktrisa ştatına götürülüb. 1930-cu ildə Pedaqoji məktəbi bitirərək Sərkər kənd məktəbinə müəllim göndərilib. Eyni zamanda “Qadınlar klubu”nun, “İşçi klubu”nun və “Dəmiryolçular klubu”nun dram dərnəklərində həvəskar aktrisa kimi fəaliyyətini artırıb. 1933-cü ildə Gəncə Türk İşçi Teatrosunun truppasına aktrisa götürülüb. 1935-ci ildə Gəncə Dövlət Dram Teatrından işdən çıxıb, tibb təhsili almaq məqsədi ilə Bakıya gəlib. Həmin il Akademik Milli Dram Teatrının aktyor truppasına qəbul olunub. Yaradıcılığının əsas dövrü 1935-ci ildən etibarən Akademik Milli Dram Teatrı ilə bağlı olub. Azərbaycanın ilk travisti - oğlan rolları oynayan aktrisası olub. Axırıncı dəfə uşaq rolunu 37 yaşında oynayıb: “Çiçəklənən arzular” (Məhəmmədhüseyn Təhmasib) pyesində 7-ci sinif şagirdi Nazlı rolu. Gəncə Teatrında Kostya, Bakıda 1939-cu ildə oynadığı Napoleon obrazları yüksək bədii-estetik məziyyətləri ilə teatr tariximizə yazılıb. “Azərbaycan səhnəsinin Cülyettası” deyə çağırılıb. 1935-ci ildən Mustafa Mərdanovun təşəbbüsü ilə radio verilişlərinə cəlb olunub. 70-ci illərdə səhnə ilə vidalaşıb. Əməkdar artist (1940), Xalq artisti (1949) Barat Şəkinskaya 1999-cu ildə vəfat edib, İkinci Fəxri Xiyabanda dəfn olunub.

Aktrisa Barat Şəkinskaya rejissor, aktyor Şəmsi Bədəlbəylinin və rejissor, aktyor Mehdi Məmmədovun həyat yoldaşı olub.
Aktrisa Barat Şəkinskaya aktyor, rəssam Elçin Məmmədovun anasıdır.