Arzu Qazıyeva
Doğum tarixi:
24 sentyabr 1966
Arzu Əliyar qızı Qazıyeva (Arzu Qazıyeva-Əzimova) Bakıda anadan olub. Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin Fortepiano şöbəsində (1982-1986), Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində (1988-1994) təhsil alıb.
Azərbaycan Neft Akademiyasının nəşriyyatında tərcüməçi, redaktor (1990-1991), “İnşaatçı” qəzetində korrektor (1991), Azərbaycan televiziyasının “Xəbərlər” redaksiyasında şərhçi və aparıcı (1991), parlament müxbiri (1994-1999), Lider TV-də sənədli filmlər müəllifi (2000-2008), Milli Televiziya və Radio Şurasında ekspert qrupunun üzvü (2008-2012), “Çox yaşa” sağlamlıq jurnalının baş redaktoru (2012-2013), ANS TV-də “Tezdən oyan” səhər proqramının baş redaktoru (2013-2014), ATV-də yayımlanan “Çox yaşa” proqramının redaktoru (2014-2016), Space Radioda “Sağlam olun” proqramının müəllifi və aparıcısı (2016) olaraq çalışıb.
“Jurnalistikanın İnkişafına Yardım” İctimai Birliyinin sədridir. Birliyin layihəsi çərçivəsində ATV Radio-da ictimai-sosial mövzuda “Müzakirə saatı” proqramını və başqa layihələri həyata keçirib.
“Gecə inzibatçısı” (Con le Karre), “Balaca təbilçi qız” (Con le Karre), “Tehranın damlarında” (Mehbud Səraci) romanlarını Azərbaycan dilinə tərcümə edib.
“037 saylı reys” filmi İsveç TV-də yayımlanıb (2014).
MTN-nin Samir Əsgərxanov adına mükafatına və “Humay” mükafatına layiq görülüb.
Hazırda Güney Azərbaycan televiziyasında çalışır. “Müzakirə edirik” siyasi verilişin aparıcısı olub. Hazırda “Jurnalistlər danışır” verilişinin aparıcısıdır.
