Əliağa Ağayev
Doğum tarixi:
22 mart 1913
Vəfat tarixi:
13 noyabr 1983
Əliağa İsmayıl oğlu Ağayev Bakıda anadan olub.
Yeddiillik orta məktəbdə (1930), Paris kommunası adına gəmi təmiri zavodunun nəzdində açılmış sənət məktəbində (1930-1932) təhsil alıb.
Məktəbdə oxuyarkən boş vaxtlarını su nəqliyyatı işçilərinin dram dərnəyində keçirib. Burada ilk rolu “Hacı Qara” (Mirzə Fətəli Axundzadə) komediyasında Hacı Qaradır. Sənət məktəbini bitirdikdən sonra zavodda çilingər işləməyə başlayıb. 1936-cı ildə yeni açılmış Gənc Tamaşaçılar Teatrına gəlib. Peşəkar teatrda səhnəyə ilk dəfə “Kapitan Qrantın uşaqları” (Jül Vern) tamaşasında Dlk rolunda çıxıb. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (1936-1961), Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında (1961-1983) çalışıb.
Rusiya film istehsalçılarının “Mənim mehriban atam” (1970, rejissor İqor Usov) filmində tamaşaçı rolunda, “Sonuncu düym” (1958, rejissorlar Teodor Vulfoviç, Nikita Kurixin) filmində kafenin sahibi rolunda çəkilib.
Əməkdar artist (1943), Xalq artisti (1954) Əliağa Ağayev 1983-cü ildə pərəstişkarları və dostları ilə süfrə arxasında lətifə söyləyib güldüyü yerdəcə gözlərini əbədi yumub, Yasamal qəbiristanlığında dəfn olunub.