Əlfi Qasımov

Əsərindən istifadə olunub

Doğum tarixi:

05 yanvar 1927

Vəfat tarixi:

12 mart 1985


Əlfi Səhlik oğlu Qasımov Ağdamın Poladlı kəndində anadan olub.

Ağdam Pedaqoji Texnikumunda, Ağdamda ikiilik Müəllimlər İnstitutunda (1944-1946), Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində (1946-1951) təhsil alıb.

Ağcabədi rayonunda Xocavənd və Boyad kənd məktəblərində müəllim kimi əmək fəaliyyətinə başlayıb (1943-1944). “Azərbaycan müəllimi” qəzetində xüsusi müxbir, şöbə müdiri və redaktor müavini vəzifələrində (1951-1958), “Ədəbiyyat və incəsənət” qəzetinin məsul katibi (1958-1966), Azərbaycan SSR Dövlət Poliqrafiya, Nəşriyyat və Kitab Ticarəti İşləri Komitəsində nəşriyyatlar idarəsinin rəisi, baş redaktor vəzifələrində (1966-1983) işləyib. 1983-cü ildən ömrünün axırınadək Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri vəzifəsində çalışıb. Azərbaycan Dövlət Televiziyasında “Kitablar aləmi” verilişinin aparıcısı olub. Ədəbi fəaliyyətə şeirlə başlayıb. “Xalq arzusu” adlı ilk şeiri 1945-ci ildə Ağdamda çıxan "Lenin yolu" qəzetində dərc olunub. “Əriməzin ətəklərində” adlı ilk оçerklər kitabı 1954-cü ildə buraхılıb. “Adilənin taleyi”, “Könülsevən”, “Qağayı fəryadı”, “İnsan qaranquş deyil”, “Tоy gecəsi” roman, povest və hekayə kitablarının müəllifidir.

Əlfi Qasımov 1985-ci ildə ürək çatışmazlığından dünyasını dəyişib.

Yazıçı, publisist Əlfi Qasımov jurnalist, tərcüməçi İlqar Əlfioğlunun atasıdır.