Əhməd Ağdamski
Doğum tarixi:
05 yanvar 1884
Vəfat tarixi:
01 aprel 1954
Əhməd Ağdamski (Əhməd Bədəlbəyli Bəşir oğlu) Şuşada anadan olub.
Kiçik yaşlarından teatr həvəskarları dərnəklərində və хalq mərasim tamaşalarında iştirak edib. Səhnə fəaliyyətinə “Nicat” Xeyriyyə Cəmiyyətinin teatr truppasında başlayıb (1910). Ötən əsrin ilk illərində Azərbaycanda qadın ifaçıların olmadığı bir zamanda xalası oğlu Üzeyir Hacıbəyovun xahişi ilə 1908-ci ildə “Leyli və Məcnun” operasının ikinci tamaşasında Leyli rolunu oynayıb. Üzeyir bəyin inqilabdan əvvəl yazdığı bütün opera və operettalarda qadın rollarının ilk ifaçısı olub. Qadın rolları ifa etdiyi üçün daim izlənən, təqib olunan sənət fədaisi öz soyadını, yaşayış yerini dəyişmək məcburiyyətində qalıb. Bir neçə il Miri adı ilə tanınıb. Qarabağa qayıdaraq Ağdamda teatr truppası yaradıb (1923). 1934-cü ildə Ağdaşa köçərək burada uzun müddət musiqi məktəbində tar müəllimi işləyib.
Əməkdar incəsənət xadimi (1943) Əhməd Ağdamski 1954-cü ildə Ağdaşda vəfat edib.